İDMAN
“Avro-2020”: Niderland yığması Ukrayna komandasını məğlub edib
Bakı, 14 iyun, İlyas Zeynallı, AZƏRTAC
Futbol üzrə Avropa çempionatının C qrupunda birinci turun oyunlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Amsterdamda "Yohan Kroyf” stadionunda keçirilən görüşdə Niderland və Ukrayna komandaları qarşılaşıb.
Matçın birinci hissəsində qapılara qol vurulmayıb. Oyunun 52-ci dəqiqəsində Jorjinyo Viynaldum hesabı açmağa nail olub. Cəmi 7 dəqiqə sonra Niderlandın hücumçusu Vaut Veqhorts hesab arasındakı fərqi ikiyə çatdırıb. Lakin ukraynalılar 75-ci və 79-cu dəqiqələrdə fərqlənməklə hesabı bərabərləşdirməyə nail olublar. Andrey Yarmalenko və Roman Yaremçuk qapı tirini dəqiq nişan alıblar. Buna baxmayaraq, Niderland seçməsinin müdafiəçisi Denzel Dyumfres 85-ci dəqiqədə komandasına qələbə qazandıran qolu vurub.
Beləliklə, Niderland yığma komandası birinci turda Ukrayna komandasını 3:2 hesabı ilə üstələyib.
C qrupun digər görüşündə isə Avstriya komandası Şimali Makedoniya seçməsini 3:1 hesabı ilə üstələyib.
C qrupunun turnir cədvəlinə 3 xalla Avstriya komandası başçılıq edir. İkinci pillədə 3 xala malik olan Niderland, 3-cü və 4-cü pillələrdə isə müvafiq olaraq Ukrayna və Şimali Makedoniya yığmaları qərarlaşıb.
Xatırladaq ki, A qrupunda yer alan İsveçrə və Uels komandalarının Bakının Olimpiya Stadionunda keçirilən görüşü heç-heçə nəticələnib – 1:1.