İDMAN


“Avro-2020”: Polşa millisi Slovakiya seçməsinə məğlub olub

Bakı, 14 iyun, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə Avropa çempionatının E qrupunda mübarizəyə start verilib.

AZƏRTAC xəbər verir ki, bu qrupun ilk oyununda Polşa və Slovakiya yığmaları üz-üzə gəliblər. Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda baş tutan qarşılaşma slovakiyalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda ilk qol 18-ci dəqiqədə vurulub. Slovakiya yığmasının heyətində Robert Makın qüvvətli zərbəsi zamanı qapı dirəyindən qayıdan top qapıçı Voytsex Şesniyə dəyərək tora daxil olub. Otuz bir yaşlı oyunçu Avropa çempionatlarında avtoqol edən ilk qolkiper kimi tarixə düşüb. Birinci hissə bu hesabla başa çatıb. İkinci yarıya fəal başlayan polşalılar 46-cı dəqiqədə tarazlığı bərpa ediblər. Hakimin fitindən 32 saniyə sonra fərqlənən Karol Linetti turnirin tarixində ikinci hissədə ən tez vurulmuş qolun müəllifi olub. Bu göstərici üzrə rekord Rumıniya millisinin sabiq hücumçusu Marsel Koraşa məxsusdur. O, “Avro-1984”də ikinci hissənin startından cəmi 21 saniyə sonra Almaniya yığmasının qapısına yol tapıb. Matçın 62-ci dəqiqəsində Qjeqoj Krıxovyak ikinci sarı vərəqəni alaraq, Polşa millisini azlıqda qoyub. Bu, cari turnirin ilk qırmızı vərəqəsi kimi tarixə düşüb. Meydandakı say üstünlüyündən istifadə edən Slovakiya yığması cəmi 7 dəqiqə sonra Milan Şkrinyarın qolu ilə hesabı öz xeyrinə dəyişib. Bu qol, eyni zamanda, matçın yekun nəticəsini müəyyənləşdirib.

Qeyd edək ki, E qrupunun digər oyunu bu gün İspaniya və İsveç yığmaları arasında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.