İDMAN


“Avro-2020”: Uels yığması Bakı Olimpiya Stadionunda Türkiyə millisinə qalib gəlib

Bakı, 16 iyun, AZƏRTAC

“Avro-2020”nin A qrupunda yer alan Türkiyə milli komandası iyunun 16-da Bakı Olimpiya Stadionunda Uels yığması ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, portuqaliyalı referi Artur Diaşın idarə etdiyi oyunda Uels komandası 2:0 hesabı ilə qalib gəlib.

“Ay-ulduzlular” çempionatın açılış matçında İtaliyaya 0:3 hesabı ilə uduzduğundan, Uels isə birinci görüşdə İsveçrə ilə heç-heçə (1:1) etdiyindən hər iki komanda oyuna sürətli hücumlarla başlayıblar. Oyunda ilk təhlükəli vəziyyət 6-cı dəqiqədə qeydə alınıb. Qaret Beylin cərimə meydançasına gözəl ötürməsindən sonra bir müdafiəçini keçən Aaron Remsinin qüvvətli zərbəsini Uğurcan Çakır çətinliklə meydandan çıxarıb.

Üç dəqiqə sonra Türkiyə millisi rəqibin qapısı qarşısında təhlükəli vəziyyət yaradıb. Sürətli hücum təşkil edən Cengiz Ünderin sağ cinahdan cərimə meydançasına ötürməsindən sonra Burak Yılmazın qüvvətli zərbəsini rəqib qapıçı çətinlikdə dəf edib.

Qarşılaşmanın 24-cü dəqiqəsində Qaret Beylin ideal ötürməsindən sonra əlverişli zərbə mövqeyinə çıxan Aaron Remsinin vurduğu top qapının üstündən keçib.

Matçın 29-cu dəqiqəsində Türkiyə futbolçularının ardıcıl iki künc zərbəsindən sonra başla zərbələrini hər iki halda son anda müdafiəçilər qapı xəttindən uzaqlaşdırıblar.

Oyunda hesab matçın 42-ci dəqiqəsində açılıb. Türkiyə komandasının müdafiə xəttinin arxasına ideal ötürmədən sonra qapıçı ilə təkbətək qalan Aaron Remsi oyunda hesabı açıb – 1:0.

Birinci hissə bu hesabla başa çatıb.

Fasilədən sonra hesabı bərabərləşdirmək üçün irəli atılan “ay-ulduzlular” ilk real qol vəziyyətini 54-cü dəqiqədə yaradıblar. Künc zərbəsi ilə başlayan hücumda rəqibin cərimə meydançasında iki ardıcıl başla ötürmədən sonra Burak Yılmazın saxlamadan vurduğu top qapının üstündən keçib.

Matçın 61-ci dəqiqəsində Uels yığması hesab arasındakı fərqi artırmaq üçün əlverişli imkandan – 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. Belə ki, komandanın kapitanı Qaret Beylin vurduğu top qapı tirinin üstündən meydanı tərk edib.

Oyunun sonuna doğru təzyiqi artıran Türkiyə seçməsi bir neçə qol vəziyyəti yaratsa da bu imkanlardan yararlana bilməyib. Matçın 87-ci dəqiqəsində Merih Demiralın künc ötürməsindən sonra başla qüvvətli zərbəsini qapıçı çətinliklə dəf edib.

Buna baxmayaraq, oyunda son nöqtəni uelslilər qoyublar. Konnor Roberts 90+5-ci dəqiqədə hesab arasındakı fərqi iki topa çatdırıb. Beləliklə, görüş Uels yığmasının 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Bununla da ardıcıl ikinci görüşdə də uduzan Türkiyə millisinin qrupdan çıxmaq şansları digər qruplardakı oyunların nəticələrindən asılı olsa da, bu, inandırıcı görünmür. Xal ehtiyatını 4-ə çatdıran Uels yığması isə səkkizdəbir finala vəsiqəni təmin edib.

Qeyd edək ki, bu qrupun növbəti oyununda İtaliya millisi Romada İsveçrə seçməsi ilə üz-üzə gələcək. Həmin görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bakı Olimpiya Stadionu iyunun 20-də İsveçrə - Türkiyə qarşılaşmasına və iyulun 3-də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

“Avro-2020”nin final matçı iyulun 11-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.