İDMAN
“Avro-2020”yə həsr olunmuş “İntellektual Kubok”da iştirak edəcək komandaların adları artıq bəllidir
Bakı, 14 fevral, AZƏRTAC
Futbol üzrə “Avro-2020”yə həsr olunmuş “İntellektual Kubok”da iştirak edəcək komandaların adları artıq bəllidir.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, yanvarın 31-dən fevralın 12-dək davam edən qeydiyyatda 158 komandadan müraciət gəlib. Qeydiyyatdan keçən ilk 40 komanda yarışda iştirak şansı qazanıb və onlarla iştiraklarını təsdiqləmək üçün əlaqə saxlanılıb.
Qeyd edək ki, turnirə qatılacaq iştirakçılar Avropa çempionatının tarixi, keçirilmiş maraqlı qarşılaşmalar, tanınmış futbolçular, eləcə də ev sahibi şəhərlər ilə bağlı sualları düzgün cavablandırmağa çalışacaqlar.
Turnir “Nə? Harada? Nə zaman?” intellektual oyununun qaydaları əsasında keçiriləcək. Oyun zamanı iştirakçılar əvvəlcədən müəyyənləşdirilmiş vaxt çərçivəsində sualları düzgün cavablandırmağa çalışacaqlar. İntellektual yarışın aparıcısı isə tanınmış televiziya və radio aparıcısı Fatehdir.
Tədbirin sonunda ilk 3 yerin sahibinə müvafiq olaraq kubok və medallar təqdim olunacaq. Eyni zamanda, hər 3 komandaya Bakıda keçiriləcək “Avro-2020” oyunlarından birinə biletlər hədiyyə ediləcək. Bundan əlavə, birinci yerə 1200, ikinci yerə 900, üçüncü yerə isə 600 manat dəyərində pul mükafatı veriləcək.
“İntellektual Kubok” fevralın 16-da Bakıda keçiriləcək. Qeyd edək ki, tədbir Azərbaycan dilində olacaq.