DÜNYA
Avrokomissiyanın Prezidenti: Aİ ölkələri təbii qaz təchizatçılarını şaxələndirməlidirlər
Roma, 21 oktyabr, AZƏRTAC
Avropa İttifaqına (Aİ) üzv ölkələr təbii qaz təchizatçılarını şaxələndirməli və təmiz enerjiyə keçidi sürətləndirməlidirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen deyib. O bildirib ki, Aİ ölkələri idxal edilən təbii qazdan həddindən artıq asılıdırlar və bu, ölkələrin mövqeyini zəiflədir: “Enerji qiymətlərinin artması bütün dünya ölkələrinə təsir edir. Aİ-nin bu mövzuda xüsusi bir vəziyyəti var. Təbii qaz idxalından çox asılıyıq və bu, bizim mövqeyimizi zəiflədir”.
Ursula Fon der Lyayen vətəndaşların bu vəziyyətə tez bir zamanda reaksiya verilməsini gözlədiklərini, prioritet məsələnin isə yoxsul ailələrə və iş adamlarına dəstəyin göstərilməsi olduğunu vurğulayıb. Avrokomissiyanın prezidenti deyib ki, Aİ-nin qaydalarına uyğun olaraq üzv dövlətlər enerji qiymətlərindəki artımı kompensasiya etmək üçün istehlakçılara yardımlar göstərə bilər, eləcə də enerjiyə dair vergilərin dərəcələrinin azaldılması kimi tədbirləri tez bir zamanda həyata keçirə bilərlər.
O, elektrik enerjisi bazarındakı vəziyyəti nəzərdən keçirəcəklərini və yeni qaz təchizatçıları ilə danışıqlar aparacaqlarını da bildirib. Qeyd edib ki, strateji qaz ehtiyatlarının yaradılması və qazın birgə alınması, bərpaolunan enerji mənbələrinə investisiyaları sürətləndirilməsi kimi məsələlər hazırda əsas müzakirə mövzusudur.
Qeyd edək ki, son bir ildə Avropada təbii qazın aylıq fyuçers müqavilələrinin qiyməti 600 faizdən çox artıb. Cari ildə elektrik enerjisinin qiymətində isə 150 faizədək artım müşahidə olunub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma