İQTİSADİYYAT
Avroliqanın final matçı zamanı nəqliyyat əməliyyatlarına cəlb edilən daşıyıcı şirkətlərin məsul şəxsləri ilə görüş keçirilib
Bakı, 27 may, AZƏRTAC
Mayın 29-da UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu zamanı nəzərdə tutulan nəqliyyat əməliyyatlarına cəlb edilən daşıyıcı şirkətlərin məsul şəxsləri, dispetçerlər və xətt dəstə rəisləri ilə görüş keçirilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a bildirilib ki, görüşdə BNA-nın idarə heyətinin sədri Vüsal Kərimli paytaxt Bakının nüfuzlu beynəlxalq idman turnirlərinin uğurla keçirildiyi məkana çevrildiyini diqqətə çatdırıb. Bildirib ki, son illər ölkəmizdə müşahidə edilən hərtərəfli inkişaf, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlər beynəlxalq və qitə miqyaslı idman qurumlarının Azərbaycana marağının artmasına səbəb olub.
O, final oyunu ilə bağlı planlaşdırılan tədbirlərin icrası istiqamətində zəruri addımların atıldığını deyib. Vurğulayıb ki, nəqliyyatın işinin təşkili, daşımaların təhlükəsizliyinin təmin edilməsi məhz prosesə cəlb edilən dispetçerlər, xətt dəstə rəisləri və sürücülərin müəyyən edilən vəzifə və funksiyalarını tam məsuliyyətli, yüksək peşəkarlıqla həyata keçirməsindən asılıdır.
İdarə heyətinin sədri bildirib ki, peşəkar bacarıqlarla yanaşı, qarşıya qoyulan tapşırıqların uğurla icrası baxımından vacib olan digər bir önəmli məqam vətənpərvərlik duyğularıdır. Tövsiyə olunub ki, nəqliyyat xidmətlərinə cəlb edilən hər bir əməkdaş, eyni zamanda, xalqımıza xas qonaqpərvərliyi nümayiş etdirməli, ölkəmizin müsbət imicinin daha da möhkəmlənməsi üçün səylərini səfərbər etməlidir.