İQTİSADİYYAT
Avroliqanın finalı günü metropoliten gücləndirilmiş iş rejimində çalışıb
Bakı, 30 may, AZƏRTAC
Futbol üzrə UEFA Avropa Liqasının final qarşılaşmasının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə əlaqədar Bakı Metropoliteni oyunun keçirildiyi mayın 29-da və mayın 30-na keçən gecə gücləndirilmiş iş rejimində çalışıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, paytaxt sərnişinləri və qonaqlarının təhlükəsizliyini, rahat hərəkətini təmin etmək məqsədilə əlavə işçi qüvvəsi və texniki vasitələr cəlb olunub. Olimpiya stadionunda oyunu canlı izləyən tamaşaçıların metropolitendən istifadəsi tam şəkildə təmin edilib. Metro stansiyaları saat 4:00-dək sərnişinlərin girişinə açıq olub. Səhər saat 5:00-a qədər bütün sərnişinlər mənzil başına çatdırılıb.
Qeyd edək ki, mayın 27-dən turistlərin daha sıx istifadə edəcəyi ehtimal olunan stansiyalarda 30 könüllü şəhərimizin qonaqlarına yüksək səviyyədə mədəni xidmət göstərib. Müvafiq qaydalarla təlimatlandırılan və hər biri yaddaş kitabçaları ilə təmin olunan metropoliten könüllüləri üzərinə "Ask me" ("Məndən soruş") yazılan xüsusi geyimlərdə olublar.