SİYASƏT
Avronest PA-nın 9-cu sessiyasında sosial məsələlər müzakirə olunub
Bakı, 19 aprel, AZƏRTAC
Avronest Parlament Assambleyasının (PA) aprelin 19-da keçirilən Sosial məsələlər, məşğulluq, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin onlayn iclasına Milli Məclisin Avronest PA-dakı nümayəndə heyətinin üzvü, deputat Məlahət İbrahimqızı həmsədrlik edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə “Avropa İttifaqı və “Şərq tərəfdaşlığı” ölkələrində etibarlı səhiyyə sistemi və davamlı pensiya islahatları nəzərə alınmaqla həyatın keyfiyyəti haqqında” hazırlanmış hesabata komitənin rəyi diqqətə çatdırılıb.
Sonra “Avropa İttifaqı və Şərq tərəfdaşlığı regionunda COVID-19 pandemiyasının sosial nəticələri”, həmçinin “Avropa İttifaqı və “Şərq tərəfdaşlığı” regionunda peyvənd səylərinə yardım” mövzularında ətraflı fikir mübadiləsi aparılıb.
Müzakirələrdə Milli Məclisin deputatı Hicran Hüseynova fikirlərini bildirib, koronavirus pandemiyasına qarşı mübarizə sahəsində Azərbaycanda görülmüş işlərdən danışıb.
Sosial məsələlər, məşğulluq, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin iclasında gündəlikdəki məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul olunub.
Tədbirdə Milli Məclisin nümayəndə heyətinin üzvlərindən Qüdrət Həsənquliyev də iştirak edib.