CƏMİYYƏT
Avronest PA-nın Tbilisidə keçiriləcək komitə iclasında vərəmə qarşı mübarizə diqqət mərkəzində olacaq
Tbilisi, 11 fevral, AZƏRTAC
Fevralın 13-də Tbilisidə Avronest Parlament Assambleyasının (PA) sosial məsələlər komitəsinin növbəti iclası keçiriləcək. İclasda “Şərq Tərəfdaşlığı və Mərkəzi Avropa ölkələrində qeyri-formal əməkçilərin hüquqları” və “Şərq Tərəfdaşlığı ölkələrində vərəm xəstəliyinə qarşı mübarizədə parlamentarilərin rolu” məsələləri müzakirə olunacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Avronest PA-nın sosial məsələlər komitəsinin həmsədri Məlahət İbrahimqızı söyləyib.
O deyib ki, Milli Məclisin deputatları hər iki məsələ ilə bağlı Azərbaycanda həyata keçirilən islahatlar, qəbul olunmuş dövlət proqramları barədə məlumat verəcək, təqdimatlarla çıxış edəcəklər. Azərbaycan həm qeyri-formal əməkçilərin hüquqlarının müdafiəsi, həm də vərəmə qarşı mübarizə sahəsində xeyli uğurlar qazanıb və bəzi ölkələrdən çox qabaqdadır.
Avronest PA-nın komitə iclasında Məlahət İbrahimqızı və deputat Sədaqət Vəliyeva məhz bu məsələləri diqqətə çatdıracaq, eləcə də regiondakı məsələlərə münasibət bildirəcəklər.
Xatırladaq ki, Avronest PA-nın fevralın 12-13-də Tbilisidə keçiriləcək komitə iclaslarında Azərbaycanın Assambleyadakı nümayəndə heyətinin rəhbəri Fuad Muradovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi