DÜNYA
Avropa Ədalət Məhkəməsində Sloveniyanın Xorvatiyaya qarşı şikayətinə baxılacaq
Lyublyana, 14 iyun, AZƏRTAC
İyulun 8-də Avropa Ədalət Məhkəməsində Sloveniyanın Xorvatiyaya qarşı şikayətinə baxılacaq.
AZƏRTAC xəbər verir ki, şikayətə səbəb Xorvatiyanın arbitraj məhkəməsi tərəfindən iki ölkə arasındakı mübahisəli sərhəd məsələsi barədə qərarın icra edilməməsidir. Sloveniya tərəfi iddia edir ki, aralarında olan mübahisəli sərhəd məsələsinin həll edilməsi ilə bağlı Avropa Ədalət Məhkəməsinin yekun qərarını icra etməkdən imtina etməklə Xorvatiya Aİ saziş və nizamnamələrinin bir sıra şərtlərini pozur.
Ümumiyyətlə, Sloveniya Xorvatiyanı Avropa İttifaqının fundamental dəyərləri hesab olunan sazişlərə riayət etməməkdə, arbitraj məhkəməsinin onun üzərinə qoyduğu öhdəlikləri icra etməməkdə, Aİ sazişlərində təsbit edilmiş əməkdaşlıq vəzifələrini pozmaqda ittiham edir.
Sloveniya müştərək balıqçılıq siyasətinin, insanların sərbəst yerdəyişməsini tənzimləyən qanunların pozulması və Sloveniyanın dəniz məkanını planlamasına maneələr törədilməsi ilə əlaqədar daha təfərrüatlı ittihamlar irəli sürüb.
İttihamlar çox mühüm məsələlərin həlli zamanı çağırılan 15 hakimdən ibarət olan Ədalət Kollegiyası tərəfindən dinləniləcək. İlk hissədə məhkəmə iddiaların məqbul olub-olmayacağını müəyyən edəcək. Sloveniya Xorvatiyanı birbaşa Aİ qanunlarını pozmaqda ittiham etsə də, Xorvatiya bunun beynəlxalq məsələ olduğunu iddia edir.
Xarici İşlər naziri Miro Tserar bildirib ki, Sloveniya 8 iyul dinləməsinə yaxşı hazırlaşıb. O vurğulayıb ki, Lüksemburq məhkəməsinin nə qərar qəbul etməsindən asılı olmayaraq, qərar icra ediləcək.
Xorvatiya bu məhkəmənin sözügedən işlə bağlı səlahiyyəti olmamasında israr edir. “Bizim mövqeyimiz əvvəldən bəllidir, biz məhkəmənin bu məsələdə səlahiyyətsiz olduğunu düşünürük”, - deyə Xorvatiyanın Baş Naziri Andrey Plenkoviç İspaniyada Avropa Xalq Partiyasının iclasında müxbirlərə bildirib.
Məhkəmə çəkişməsinin nə qədər davam edəcəyini təxmin etmək çox çətindir, bu il ərzində başa çatması isə qeyri-mümkün görünür.
Qeyd edək ki, Haaqa Arbitraj Məhkəməsi 2017-ci ildə Sloveniya və Xorvatiya arasında su və quru sərhədlərinin bölüşdürülməsinə dair hüquqi mübahisə ilə bağlı qərar vermişdi. Məhkəmənin qərarına görə, Adriatik dənizinin sahilində yerləşən və iki Balkan ölkəsi arasında mübahisə mənbəyi olan Piran buxtasının böyük bir hissəsi Sloveniyanın tabeliyinə keçməli və həmçinin Xorvatiya qonşu ölkəyə beynəlxalq sulara çıxış üçün su koridoru verməli idi. Xorvatiya bu qərarı icra etmədiyinə görə Sloveniya qonşu dövlətdən Avropa Ədalət Məhkəməsinə şikayət edib. Xorvatiya isə öz növbəsində, bu məhkəməni həmin mübahisə üzrə səlahiyyətli məhkəmə hesab etmir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Lyublyana