İQTİSADİYYAT
Avropa-Azərbaycan Biznes Forumunda “Akkord” Korporasiyasının reallaşdıracağı infrastruktur layihələrindən danışılmışdır
Bakı, 15 mart (AZƏRTAC). Fransanın paytaxtı Parisdə Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyi və Fransa-Azərbaycan Ticarət Palatasının dəstəyi və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin sponsorluğu ilə “Azərbaycan-Qafqazın lokomotivi: Potensiallar və Sərmayə imkanları” Avropa-Azərbaycan Biznes Forumu keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Fransanın Milli Sənaye Təşkilatının binasında keçirilən tədbirdə əsas məqsəd Azərbaycanın biznes və sərmayə qoyulması üçün sahələri təqdim etmək, həmçinin iki ölkə investorlarının enerji texnologiyaları, aqrar-sənaye kompleksi, telekommunikasiyalar və aerokosmik sahələr, yüksək səviyyəli infrastruktur layihələri kimi vacib sektorlarla bağlı müzakirələrin aparılması olmuşdur.
Forumun açılış mərasimində Fransa-Azərbaycan Ticarət Palatasının sədri Jan Peren, Fransa Xarici İşlər Nazirliyinin Qafqaz və Orta Asiya ölkələri üzrə şöbənin direktor müavini Fransua Delaus, Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış etmişlər.
Çıxışlarda Fransa ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin səviyyəsinin yüksək olduğu, bu istiqamətdə daha çox işlər görməyin vacibliyi vurğulanmışdır. Ölkəmizdə infrastruktur layihələrinə yetərincə diqqət ayrıldığı - yeni otellərin tikilməsi, Bakı metropoliteninin genişləndirməsi, dəmir yollarının və aviasiyanın inkişaf etdirilməsi xüsusi qeyd edilmişdir. Hər iki ölkənin ticarət sahəsində ən əhəmiyyətli tərəfdaşı olmaq kimi hədəflərinin olduğu və bu istiqamətdə lazım olan bütün addımların atılacağı bildirilmişdir.
Sonra forum iştirakçıları tərəfindən bir neçə işçi qrupu çərçivəsində ayrı-ayrı mövzular üzrə layihələr təqdim edilmişdir. Forumun “İri infrastruktur layihələr və beynəlxalq sərmayələr” sessiyasında “Akkord” Korporasiyasının Fransanın “Bouygues” şirkəti ilə birgə qoşulduğu Bakı Metropolitenində yeni stansiyaların tikintisi layihəsi xüsusi marağa səbəb olmuşdur. Forum iştirakçılarına “Akkord-Bouygues” Birgə Müəssisəsinin təkcə Bakı şəhərində yeni metropoliten xətləri və stansiyalarının tikintisində deyil, eyni zamanda Azərbaycanda digər infrastruktur layihələrin reallaşmasında da birgə iştirak edəcəkləri açıqlanmışdır.