İDMAN


Avropa Badminton Konfederasiyası nümayəndə heyətlərinin növbəti illik toplantısı təşkil olunub

Bakı, 2 may, AZƏRTAC

Avropa Badminton Konfederasiyası nümayəndə heyətlərinin növbəti illik virtual görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, artıq ikinci ildir ardıcıl olaraq nümayəndə heyətlərinin illik görüşü onlayn formatda təşkil edilib.

Avropa Badminton Konfederasiyasının prezidenti Peter Tarkala və baş katib Brayan Agerbak nümayəndə heyətlərinin illik, 54-cü görüşündə tədbir iştirakçılarını onlayn şəkildə salamlayıb. İclası giriş sözü ilə açan P.Tarkala artıq virtual toplantılara vərdiş etdiklərini və bununla bağlı təəssüratlarının müsbət olduğunu bildirdib. Səsvermənin nəticələrindən və nümayəndə heyətlərinin dəstəyindən məmnunluğunu ifadə edən P.Tarkala rəhbərlik etdiyi qurumun Avropada güclü birliyə sahib olduğunu və bunun gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu qeyd edib. 41 nümayəndə heyətinin iştirakı ilə keçirilən iclasda P.Tarkala pandemiya dövründə badminton oynamağın mümkünlüyü üzərində işləyən nümayəndə heyətlərinə təşəkkür etməklə yanaşı onları ötən il olduğu kimi böyük iş görməyə davam etməyə ruhlandırıb. İclasda iştirakçılar 2021-2024-cü illəri əhatə edəcək strateji planla bağlı məlumatlandırılıb. Nümayəndə heyətlərinə strateji planın mənzərəsi, məqsədi, dəyərləri və prioritetləri təqdim olunub.

Konfederasiyasının baş katibi Brayan Agerbak komissiya və komitələr qarşısında növbəti illər üçün yeni təşəbbüslərlə çıxış edib. B.Agerbak bildirib ki, gələcəyə baxmaq üçün hər 4-5 il ərzində strateji plana baxış keçirilir. Çünki plan zamanın tələbinə uyğun olaraq dəyişkəndir və dəqiq fəaliyyət istiqaməti üzrə müəyyənləşir. Baş katib qarşıdakı illər üçün ambisiyalarının böyük olduğunu qeyd etməklə yanaşı son illərdə idarəçiliyin daha çox əhəmiyyət kəsb etdiyini vurğulayıb. B.Agerbak asiyalılarla rəqabət aparmaq üçün badmintonu Avropada daha da əyləncəli idman növünə çevirmək, yerli federasiyaya inkişaf üçün dəstək olmaq və bu idman növündə kütləviliyi əsas hədəfləri kimi göstərib.

İclasdan öncə Avropa Badminton Konfederasiyasının Direktorlar Şurası tərəfindən qaydalara təklif olunan dəyişikliklər nümayəndə heyətləri tərəfindən yekdilliklə təsdiq olunub. Nümayəndə heyətlərinin görüşündə iştirakçılar Andrey Antropovu 2021-2025-ci illər üçün yenidən Avropa Badminton Konfederasiyasının vitse-prezidenti vəzifəsinə seçiblər. Avropa Badminton Konfederasiyasının nümayəndə heyətlərinin növbəti görüşü 2022-ci ildə Maltanın paytaxtı Valletta şəhərində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.