İQTİSADİYYAT


Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri Dövlət Dəniz Akademiyasında təftiş aparıblar

Bakı, 29 oktyabr, AZƏRTAC

Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin (ADTA) mütəxəssisləri Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) dənizçilik təhsili və sertifikatlandırma sisteminin beynəlxalq konvensiyaların tələblərinə uyğunluğunu yoxlamaq məqsədilə təftiş aparıblar.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, qonaqlar əvvəlcə akademiyanın rektoru Çingiz Əliyevlə görüşərək təftiş proseduru barədə məlumat veriblər. Bildiriblər ki, ADDA-da Keyfiyyətin menecmenti sistemi, müvafiq siyasət və məqsədlər, səlahiyyət və məsuliyyətlər, resursların idarə edilməsi, dövlət akkreditasiyası, təhsil və təlim üzrə tətbiq olunan milli qaydalar və sair bu kimi məsələlər təftiş obyekti olacaq.

Ç.Əliyev öz növbəsində Dəniz Akademiyasında tədrisin təşkili, beynəlxalq standartlara uyğunluq istiqamətində görülən işlər, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi rəhbərliyinin bilavasitə dəstəyi ilə alınan ən müasir trenajor və simulyatorlar, tədris gəmisi haqqında ətraflı danışıb.

Görüşdən sonra ADTA-nın mütəxəssisləri Akademiyanın maddi-texniki bazası ilə yaxından tanış olublar, bütün struktur bölmələrin müvafiq sənədlərini yoxlayıblar.

Agentliyin mütəxəssisləri ADDA-nın Təlim-Tədris Mərkəzində də olublar. Mərkəzin direktoru Emil Manafov qonaqları trenajor və simulyator avadanlıqları ilə təchiz olunmuş təlim otaqları ilə tanış edib, onların suallarına cavab verib.

E.Manafov qeyd edib ki, TTM ölkəmizdə DP kursları və imtahanlarının keçirilməsi üçün Böyük Britaniyanın nüfuzlu “The Nautical İnstitute” təşkilatı tərəfindən akkreditasiya olunmuş yeganə Təlim-Tədris Mərkəzidir.

Qonaqlar ADDA-nın maddi-texniki bazasının səviyyəsindən razı qaldıqlarını bildiriblər, akademiyanın fəaliyyətinin beynəlxalq standartlara uyğunluğu istiqamətində tövsiyələrini veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.