İDMAN


Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək idmançılarla Milli Olimpiya Komitəsində görüş keçirilib

Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək

Bakı, 16 iyul, AZƏRTAC

İyulun 16-da Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) XV Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək idmançılar, məşqçilər və idman federasiyalarının nümayəndələri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, festivalda iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəhbəri və MOK-un idman idarəsinin rəisi Həsənağa Rzayev, Komitənin marketinq şöbəsinin rəisi Mehman Kərimov iştirak ediblər.

Tədbirdə çıxış edən Çingiz Hüseynzadə Azərbaycanın bir neçə gündən sonra daha bir mötəbər idman turnirinə ev sahibliyi edəcəyini vurğulayıb. Komandamızın festivalda yaxşı nəticələr qazanacağına ümidvar olduğunu vurğulayan vitse-prezident deyib: “Əminik ki, gənc idmançılarımız Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edəcəklər. Bu festivalın 14-18 yaşlı gənclər üçün keçirildiyini nəzərə alaraq Beynəlxalq və Avropa Olimpiya komitələri üç layihə həyata keçirir. Bunlardan biri - “Olimpiya mədəniyyəti və təhsil” proqramı Azərbaycan Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə uğurla reallaşdırılır”.

MOK-un idman şöbəsinin müdiri və festivalda Azərbaycan nümayəndə heyətinin rəhbəri Həsənağa Rzayev idmançıların bu mötəbər yarışa hazırlığı barədə məlumat verib.

Qeyd olunub ki, festivalda 48 ölkədən 3900 atlet idmanın on növü üzrə mübarizə aparacaq. Azərbaycanı “Bakı 2019”da 122 idmançı təmsil edəcək. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil edirlər. Azərbaycan bu idman növlərinin hər biri üzrə 18 nəfərlə təmsil olunacaq. Bundan başqa, cüdo yarışlarında 12, bədii gimnastikada 4, velosiped idmanında 6, tennis 4, üzgüçülük yarışlarında 6 idmançımız mübarizə aparacaq. Komanda idman növlərində isə voleybol və basketbol yığmalarımızın hər birinin heyətinə 12 idmançı daxil edilib. Oğlanlardan və qızlardan ibarət həndbol komandalarımızda isə ümumilikdə 30 oyunçu yer alıb.

Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

AZƏRTAC “EYOF 2019” XV Avropa Gənclər Olimpiya Festivalının rəsmi media tərəfdaşıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.