İDMAN


Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının beşinci gününə yekun vurulub

Bakı, 26 iyul, AZƏRTAC

İyulun 26-da “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının beşinci gününə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, yarışların beşinci gününün axşam sessiyasında 7 növdə final yarışları keçirilib.

Atletika üzrə oğlanlar arasında 400 metr məsafəyə maneələrlə qaçış yarışında İsveç atleti Oskar Edlund 51,41 saniyə nəticə ilə qızıl medal qazanıb. Gümüş medala 51,68 saniyə nəticə ilə ispaniyalı İqnasio Saez sahib olub. İlk üçlüyü türkiyəli Bekre Akçam (52,30 saniyə) tamamlayıb.

Oğlanlar arasında 3000 metr məsafəyə qaçış yarışında israilli atlet Adisu Quadie 8 dəqiqə 35 saniyə nəticə ilə qızıl medal qazanıb. Gümüş medala 8 dəqiqə 38 saniyə nəticə ilə Fransa atleti Luk Le Baron sahib olub. Bürünc medalla sloveniyalı Vid Botolin (8,39 dəqiqə) kifayətlənib.

Qızların 5000 metr məsafəyə idman gəzişi yarışında Estoniya təmsilçisi Yekaterina Mırotvortseva (22,26 dəqiqə) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Belaruslu Lizaveta Hryşkeviç (23,33 dəqiqə) gümüş, ispaniyalı Alisiya Lumbreras isə bürünc medala sahib olub.

Atletika üzrə oğlanlar arasında nüvəitələmə yarışında kosovolu atlet Muhamet Ramadani 19,75 metr nəticə ilə qızıl medal qazanıb. Gümüş medala 18,83 metr nəticə ilə rusiyalı Semyon Borodayev layiq görülüb. İsveç atleti Yasper Ahlin isə yarışı üçüncü pillədə bitirib.

Nizəatma yarışında isə qızlardan qızıl medala Polşa təmsilçisi Qabriela Andrukonis sahib olub. Finlandiyalı Vivian Suominen gümüş, türkiyəli Esra Türkmən isə bürünc medala yiyələniblər.

Üç təkanla tullanma yarışında qızlar arasında isveçli atlet Maya Aaskaq (13,26 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Fransa təmsilçisi Lesli Raffin (13,08 m) ikinci, maldovalı Yuliana Dabiya (12,98 m) isə üçüncü pillədə qərarlaşıb. Bürünc medalı qazanmağa yaxın olan azərbaycanlı atlet Sabrina Zralova isə 12,75 metr nəticə göstərərək yarışı dördüncü yerdə bitirib.

Yarışların beşinci günündə oğlanlar arasında hündürlüyə tullanma növündə Belarus atleti Yahor Huptar fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Paul Metayer (Fransa) gümüş, Roman Petruk (Ukrayna) isə bürünc medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycan atletlərindən oğlanlar arasında estafet yarışında Aleksey Əliəkbərov, Əli Abdıyev, İlham Nağıyev və Teymur Salahzadə, qızlar arasında estafet yarışında çıxış edən Fəxriyyə Tağızadə, Bibixanım Qəmbərova, Nika Məmmədova və Lamiyə Vəliyeva lazımi nəticəni göstərə bilmədikləri üçün mübarizəni təsnifat mərhələsində dayandırıblar.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən yarışlarda 36 ölkədən 641 idmançı mübarizəyə qoşulub. Azərbaycan bu yarışlara 18 idmançı ilə qatılıb.

“EYOF 2019”un atletika yarışlarına iyulun 27-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.