İDMAN


Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının sonuncu gününə yekun vurulub

Bakı, 27 iyul, AZƏRTAC

İyulun 27-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının sonuncu gününə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, yarışların sonuncu günündə 9 növ üzrə medalçılar müəyyənləşib.

Qızlar arasında 100 metr məsafəyə maneələrlə qaçış yarışında fransalı Lea Vendome 13,52 saniyə nəticə ilə qızıl medal qazanıb. Gümüş medala 13,53 saniyə nəticə ilə Almaniya təmsilçisi Franziska Şuster sahib olub. İlk üçlüyü isveçrəli Ditaci Kambundci (13,63) tamamlayıb.

Oğlanların yarışında Çexiya atleti Yakub Davidik (1 dəqiqə 51 saniyə) 800 metr məsafəyə qaçış yarışında bütün rəqiblərini qabaqlayaraq çempion olub. İkinci pillədə polşalı Kristof Roznitski (1 dəqiqə 53,01 saniyə), üçüncü pillədə isə ispaniyalı David Karranza (1 dəqiqə, 53,38 saniyə) qərarlaşıblar.

Qızlar arasında 1500 metr məsafəyə qaçış yarışında Almaniya təmsilçisi Antye Pfueller 4 dəqiqə 28 saniyə nəticə ilə qızıl medal qazanıb. Gümüş medala 4 dəqiqə 29 saniyə nəticə ilə Rumıniya atleti Mariya Talida Sfarqiu sahib olub. Bürünc medalı ispaniyalı Mireya Arnedillo (4 dəqiqə 30 saniyə) aktivinə yazdırıb.

Oğlanlar arasında 2000 metr məsafəyə maneələrlə qaçış yarışında İspaniya təmsilçisi Pol Oriaç (5 dəqiqə 49 saniyə) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Belaruslu Dimitri Savin (5 dəqiqə 57 saniyə) gümüş, italiyalı Ciovanni Silli (5 dəqiqə 58 saniyə) isə bürünc medallara layiq görülüblər.

Atletika üzrə oğlanlar arasında diskatma yarışında belaruslu atlet Raman Kartanoviç 63,09 metr nəticə ilə qızıl medal qazanıb. Gümüş medala 59,66 metr nəticə ilə norveçli Steffen Melheim layiq görülüb. Almaniyalı Matteo Maulana (59,33 metr) isə yarışı üçüncü pillədə başa vurub.

Yarışların sonuncu günündə qızlar və oğlanlar arasında estafet yarışları keçirilib. Oğlanlar arasında birinci yeri Polşa, ikinci yeri İsveç, üçüncü yeri isə İspaniya atletləri tutublar. Qızların estafet yarışında isə İspaniya komandası qızıl medal qazanıb. Gümüş medala Yunanıstan, bürünc medala isə İsveçrə idmançıları layiq görülüblər.

Üç təkanla tullanma yarışında oğlanlar arasında Kipr atlet Qriqoris Nikolaou (15,45 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rusiya təmsilçisi Vladislav Aleksandrin (15,38 m) ikinci, fransalı Simon Qore (15,33 m) isə üçüncü pillədə qərarlaşıb.

Festivalın sonuncu günündə qızlar arasında hündürlüyə tullanma növündə Rusiya atleti Adelina Khalikova (1,86 metr) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İsveçrə atleti Marithe Enqondo (1,82 metr) gümüş, Kipr təmsilçisi Styliana İoannidou (1,80 metr) isə bürünc medalla kifayətlənib.

Bununla da XV Avropa Gənclər Olimpiya Festivalının Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən atletika yarışlarına yekun vurulub. Yarışlarda 36 ölkədən 641 idmançı mübarizəyə qoşulub. Azərbaycan bu yarışlara 18 idmançı ilə qatılıb.

Atletika yarışlarında ən çox medalı Polşa atletləri qazanıblar. Bu ölkənin idmançıları 5 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olublar. İkinci sırada qərarlaşan İspaniya seçməsi aktivinə 4 qızıl, 3 gümüş və 7 bürünc medal yazdırıb. Almaniya seçməsi isə 4 qızıl, 3 gümüş və 6 bürünc medalla siyahıda üçüncü yerdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.