İDMAN
Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının altıncı gününün oyunları başa çatıb
Bakı, 26 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC
İyulun 26-da “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının altıncı gününün oyunları başa çatıb.
AZƏRTAC xəbər verir ki, Bakı Tennis Akademiyasında keçirilən yarışlarda oğlanların və qızların fərdi mübarizəsində yarımfinal, cütlüklərin yarışında isə final qarşılaşmaları keçirilib.
Yarışların altıncı günündə Çexiya və Belarus idmançıları qızıl medal qazanıblar.
Oğlan cütlüklərin final qarşılaşmasında çexiyalı Matthev Villiam Donald/Hinek Barton dueti polşalı Filip Pieçzonka/Olaf Pieçkovski duetini 2:0 hesabı ilə (6:2, 6:3) məğlub edərək festivalın çempionu olub.
Qız cütlüklərin qalibi isə belaruslu Evialina Laskeviç/Mariya Stsetseviç cütlüyü olub. Belaruslu duet rusiyalı Mariya Şoloxova / Yekaterina cütlüyünü 2:1 hesabı ilə (6:7, 6:3, 10:4) məğlub edərək festivalın çempionu adını qazanıb.
Festivalın tennis üzrə oğlan və qız cütlüklərin bürünc medalçıları da məlum olub. Oğlan cütlüklərin yarışında ispaniyalı Pedro Rodenas/Daniel Merida dueti belçikalı Noah Merre/Alessio Basile cütlüyünü 2:0 (6:3, 7:6 (4)) hesabı ilə məğlubiyyətə uğradaraq bürünc medalı qazanıb. Qız cütlüklərin görüşündə isə Çexiya təmsilçisi Dominika Salkova/Linda Klimoviçova belçikalı Hanne Vandevinkel/Juliet Bovi cütlüyünə 2:0 (7:6,6:4) hesabı ilə qalib gələrək üçüncü yeri təmin edib.
Bundan başqa, oğlanların və qızların fərdi yarışlarının finalçıları da bilinib. Yarışın finalında Litva və İspaniya tennisçiləri qızıl medal uğrunda mübarizə aparacaqlar.
Yarımfinal qarşılaşmasında ispaniyalı Daniel Merida italiyalı Nikkolo Çiavarellaya 2:0 (7:6, 7:6) hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Digər görüşdə isə latviyalı Vilius Qaubas çexiyalı tennisçi Hinek Bartonu məğlubiyyətə uğradıb - 2:0 (6:4, 6:3).
Qızların qarşılaşmasında isə Rusiya tennisçisi Mariya Şoloxova çexiyalı Dominika Salkovaya 2:1 (3:6, 6:1, 10:5) hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Digər görüşdə isə britaniyalı Matilda Mutavdziç fransalı Ouşen Babeli məğlubiyyətə uğradıb - 2:0 (6:2, 6:2).
Beləliklə, qızların fərdi yarışının finalında Rusiya və Böyük Britaniya təmsilçiləri qızıl medal uğrunda mübarizə aparacaqlar.