CƏMİYYƏT


Avropa İctimai Səhiyyə Həftəsi çərçivəsində sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər keçirilir

Bakı, 17 may, AZƏRTAC

İctimai səhiyyə sahəsində məlumatlılığın artırılması, bütün dünyanın diqqətinin əhalinin sağlamlığının qorunmasına yönəldilməsi məqsədilə Avropa İctimai Səhiyyə Assosiasiyası 2019-cu il mayın 13-dən 17-dək ilk dəfə olaraq Avropa İctimai Səhiyyə Həftəsi elan edib. Bu həftə ərzində Avropa ölkələrində dövlət müəssisələri, təşkilatlar, mütəxəssislər tərəfindən ictimai səhiyyənin aktual mövzularına həsr olunmuş tədbirlərin, təşviqat aksiyalarının keçirilməsi nəzərdə tutulub. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), “Baku İdeaLab” MMC və Tovuz Gənclər Evinin birgə əməkdaşlığı ilə “13-17 may Avropa İctimai Səhiyyə Həftəsi” çərçivəsində sağlam həyat tərzinin təbliğinə həsr olunmuş “Sağlamlıq carçıları” layihəsi həyata keçirilib.

Bu barədə AZƏRTAC-a İSİM-in səhiyyə kommunikasiyası şöbəsindən bildirilib.

Layihə çərçivəsində, Tovuzun və Gədəbəyin ucqar dağ kəndlərində əhali arasında tibbi-maarifləndirici söhbətlər aparılıb, 100-dən çox uşağa sağlam həyat tərzini təbliğ edən hədiyyələr paylanılıb. Eyni zamanda, Tovuz Gənclər Evində sağlam həyat tərzinin təbliği istiqamətində təlimlər keçirilib, iştirakçılara zərərli vərdişlərin təhlükəli fəsadları, cinsi yolla yoluxan infeksiyalar, reproduktiv sağlamlıq, gigiyena qaydaları mövzusunda ətraflı məlumatlar verilib.

Təlim iştirakçıları və könüllülərin iştirakı ilə Tovuz rayonunun Qovlar şəhərində 31 may – Ümumdünya Tütünsüz Gününə həsr olunmuş “Tütünsüz dünya yarat” aksiyası keçirilib. Aksiya çərçivəsində yerli əhali tütünçəkmənin insan sağlamlığına və ətraf mühitə zərərli təsiri barədə məlumatlandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap olunmuş tütünçəkmə əleyhinə maarifləndirici vəsaitlər paylanılıb. Avropa İctimai Səhiyyə Həftəsi çərçivəsində, həmçinin daun sindromlu uşaqlarla görüş keçirilib və onlara müxtəlif hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.