İQTİSADİYYAT
Avropa İnvestisiya Bankı Gürcüstanda qaz anbarının tikintisinə 100 milyon dollar məbləğində kredit ayıracaq
Tbilisi, 19 mart, AZƏRTAC
Avropa İnvestisiya Bankı (EIB) Gürcüstanda yeraltı qaz anbarının tikintisi üçün 100 milyon ABŞ dolları məbləğində kredit ayıracaq.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq EIB ilə Gürcüstan Neft və Qaz Korporasiyası arasında müqavilə imzalanıb.
Qeyd edək ki, Tbilisi yaxınlığındakı Samqori kəndində inşa ediləcək qaz anbarının tikintisinin ümumi investisiya dəyəri 300 milyon dollar dəyərində qiymətləndirilib.
Anbarın tutumu 210-280 milyon kubmetr təşkil edəcək. Bu da Gürcüstanda ümumi istehlakın 15 faizidir.
Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili deyib ki, Gürcüstan yeraltı anbarı Azərbaycandan alınacaq təbii qaz hesabına doldurmaq niyyətindədir. Bununla əlaqədar olaraq danışıqlar aparılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi