İQTİSADİYYAT
Avropa İnvestisiya Bankı TANAP-ın tikintisinə 932 milyon avro kredit ayırıb
Tbilisi, 17 mart, AZƏRTAC
Avropa İnvestisiya Bankı (EIB) TANAP qaz kəmərinin tikintisi üçün 932 milyon avro həcmində kredit ayırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə bankın mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, əvvəlcə layihənin kreditləşməsi Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankına həvalə olunmuşdu. 2017-ci ilin oktyabrında AYİB layihəyə 500 milyon dollar kredit ayırıb.
Məlumat üçün qeyd edək ki, Avropa İttifaqı üçün ən prioritet layihələrdən biri olan “Cənub Qaz Dəhlizi” layihəsi Xəzər dənizindən hasil olunan Azərbaycan təbii qazının Gürcüstan vasitəsilə Türkiyəyə, oradan da Avropaya nəqli üçün nəzərdə tutulub.
“Şahdəniz” yatağından hasil olacaq Azərbaycan qazı birinci mərhələdə TANAP vasitəsilə bu ildən başlayaraq Türkiyəyə nəql olunacaq. İlk mərhələdə daşınacaq 16 milyon kubmetr qazın 6 milyon kubmetrə yaxını Türkiyəyə, qalanı isə Avropaya çatdırılacaq.
Gələcəkdə digər qaz yataqlarından hasil olunacaq “mavi yanacağın” da bu xətt ilə daşınacağı istisna olunmur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi