İQTİSADİYYAT


Avropa İqtisadi Komissiyasının Azərbaycanla əməkdaşlığının genişləndirilməsi istiqamətləri müzakirə edilib

Bakı, 1 dekabr, AZƏRTAC

BMT Baş katibinin müavini, təşkilatın Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Olqa Alqayerovanın ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakıda Azərbaycanla əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. Tədbirdə aidiyyəti dövlət qurumlarının vəzifəli şəxsləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, BMT Baş katibinin müavini Olqa Alqayerova Azərbaycanın təşkilatın müxtəlif ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq etdiyini, xüsusilə 1993-cü ildən üzv olduğu UNECE ilə bir neçə fəaliyyət istiqamətləri üzrə tərəfdaşlığını yüksək qiymətləndirib. Qeyd edib ki, 2015-ci ildə Azərbaycanın "Dünyamızın transformasiyası: 2030-cu il Gündəliyi"ndən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulması BMT-nin ixtisaslaşmış qurumları ilə yeni əməkdaşlıq imkanları yaradıb.

O, bu ilin oktyabr ayında Bakıda keçirilmiş Dayanıqlı İnkişafa dair Bakı Forumunun beynəlxalq və regional tərəfdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, Bakı Bəyannaməsinin UNECE ilə qarşılıqlı səmərəli əlaqələrin inkişaf etdirilməsinə töhfə verəcəyini qeyd edib.

Tədbirdə "Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın qəbul olunduğu, alternativ və dayanıqlı enerji sahəsində tədbirlərin reallaşdırıldığı, əhalinin sağlam yaşayışının təmin olunması üzrə ardıcıl işlərin görüldüyü, Azərbaycan Hökuməti və UNECE-nin təşkilatçılığı ilə Bakıda "Dayanıqlı inkişaf üçün enerji" VII Beynəlxalq Forumunun keçirildiyi qeyd edilib, BMT-nin ixtisaslaşmış qurumları ilə əməkdaşlığın daha da genişləndirilməsinin önəmi diqqətə çatdırılıb.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədrinin müavini Nurəli Yusifbəyli, səhiyyə nazirinin müavini Elsevər Ağayev, təhsil nazirinin müavini Firudin Qurbanov, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazov, Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov aidiyyəti sahələrdə BMT-nin ixtisaslaşmış qurumları ilə fəal əməkdaşlığın uğurla davam etdirildiyini, son illərdə Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, habelə bu sahədə maarifləndirmə tədbirlərinin genişləndirildiyini və Azərbaycan üçün prioritet istiqamətlərin həyata keçirildiyini görüş iştirakçılarının diqqətinə çatdırıblar.

Görüşdə UNECE ilə əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.