MƏDƏNİYYƏT


“Avropa İrs Günləri” layihəsi çərçivəsində bir sıra tədbirlər keçiriləcək

Bakı, 25 sentyabr, AZƏRTAC

“Avropa İrs Günləri” layihəsi çərçivəsində mədəni irsimizin təbliği məqsədilə maarifləndirici tədbirlər təşkil olunacaq.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 4-dək rayon icra hakimiyyətləri ilə birgə ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidələrinin ətrafında təmizlik, abadlıq işləri aparılacaq, həmçinin tarix-mədəniyyət qoruqlarında mədəni irsin mühafizəsi və təbliğinə həsr olunmuş vebinarlar təşkil olunacaq.

“COVID 19” pandemiyası ilə əlaqədə olaraq, planlaşdırılan tədbirlər rayonlar üzrə növbəli şəkildə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qərar və tövsiyələri əsasında, müəyyən edilmiş sanitar–epidemioloji normalara uyğun şəkildə keçiriləcək.

Hər il sentyabr-oktyabr aylarında Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan “Avropa İrs Günləri” çərçivəsində silsilə tədbirlər keçirilir. “Avropa İrs Günləri” qitə sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə cəlb etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətini yönəltmək və milli mədəni irsi təbliğ etməkdir. Pandemiya zamanına təsadüf edən builki “Avropa İrs Günləri” çox mühüm və aktual bir məsələyə – “İrs və təhsil” mövzusuna həsr edilib.

Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunduqdan sonra ölkəmiz bu təşkilat tərəfindən mədəniyyət sahəsində həyata keçirilən layihələrdə daha da fəal iştirak etməyə başlamışdır. 2010-cu ildən etibarən “Avropa İrs Günləri” layihəsinin ölkə üzrə milli koordinatorluğu Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.