DÜNYA


Avropa İttifaqı ABŞ-ın İran üzrə sanksiyalarının bloklanması prosedurunu işə salıb

Bakı, 18 may, AZƏRTAC

Avropa Komissiyası ABŞ-ın İran üzrə mümkün sanksiyalarına qarşı müdafiə tədbirləri planını hazırlayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, mayın 18-də Avropa kompaniyalarına yeni məhdudiyyət tədbirlərinin nəticələrini blok edən 1996-cı il qanununun yenilənməsi proseduruna start verilib. Avropa İttifaqı “bloklama qanununu” öz tarixi ərzində yalnız bir dəfə - 1996-cı ilin noyabrında ABŞ-ın Kubaya qarşı iqtisadi sanksiyalarına alternativ tədbirlər qismində işə salıb. Qanun həmin ildə Vaşinqton tərəfindən İran və Liviyaya qarşı qəbul edilən məhdudiyyətlərə də şamil olunub.

“Bloklama qanunu” Avropa kompaniyalarına ABŞ sanksiyalarının nəticələrinə əməl etməyi qadağan edir, onların vurduğu zərərləri aradan qaldırmağa imkan yaradır, sanksiyalara əsaslanan xarici məhkəmələrin Avropa İttifaqında fəaliyyətini heçə endirir.

Avropa Komissiyası, həmçinin İrana neftlə bağlı gəlir əldə etməyə imkan verən bank mexanizmləri hazırlamağı da təklif edir. O, ABŞ-ın belə sövdələşmələrdə iştirak edən Avropa təşkilatlarına qarşı sanksiya tətbiq edəcəyi təqdirdə işə yaraya bilər.

Eyni zamanda, “Avropa üçlüyü” (Fransa, Almaniya, Böyük Britaniya) və İran ABŞ-ın nüvə sövdələşməsi üzrə sazişdən çıxmasına cavab olaraq iqtisadi əlaqələrə dəstək proqramının hazırlanması barədə razılığa gəlib.

Qeyd edək ki, mayın 8-də ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun BMT-nin Təhlükəsizlik Şurasının və bir vaxtlar ABŞ və Avropa İttifaqı tərəfindən qəbul edilən birtərəfli sanksiyaların aradan qaldırılması müqabilində Tehranın nüvə proqramını məhdudlaşdıran Hərtərəfli Müştərək Fəaliyyət Planından – sazişdən çıxdığını elan edib. Tramp nəinki köhnə sanksiyaları qaytaracağını, həm də yenilərinin qəbul olunacağını deyib. Eyni zamanda o, ABŞ-ın yeni saziş bağlamağa hazır olduğunu bildirib. Bununla yanaşı, Vaşinqton Tehrana faktiki olaraq yerinə yetirilməsi mümkün olmayan tələblər irəli sürüb.

Böyük Britaniya, Almaniya və Fransa liderləri sazişin bütün iştirakçılarını onu yerinə yetirməkdə davam etməyə səsləyib. İran Prezidenti Həsən Ruhani isə Tehranın sazişdən çıxmayacağını və öhdəliklərini yerinə yetirəcəyini bəyan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.