İQTİSADİYYAT


Avropa İttifaqı Azərbaycanla əməkdaşlığını daha da dərinləşdirməkdə maraqlıdır

Bakı, 2 noyabr, AZƏRTAC

Avropa İttifaqı Azərbaycanla əməkdaşlığını daha da dərinləşdirməkdə maraqlıdır.

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildiriblər ki, qurumun icraçı direktoru Vüsal Qasımlı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşüb. Görüşdə Vüsal Qasımlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyəti, eləcə də ölkədə aparılan iqtisadi islahat prosesi barədə geniş məlumat verib. Bildirib ki, "Doing Business 2018" hesabatında Azərbaycan 8 pillə irəliləyərək 57-ci pillədə qərarlaşıb. Təkcə bu fakt onu göstərir ki, ölkədə həyata keçirilən islahatlar prosesi beynəlxalq təşkilatlar tərəfindən nəzərə alınır və yüksək qiymətləndirilir. Azərbaycanın beynəlxalq müstəvidə siyasi və iqtisadi nüfuzu artır. İcraçı direktor əlavə edib ki, Azərbaycan Avropa İttifaqı ölkələri ilə iqtisadi əlaqələri uğurla davam etdirməkdə maraqlıdır.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Aİ-nin Azərbaycanla əməkdaşlığını daha da dərinləşdirmək marağını xüsusi vurğulayıb. Səfir bildirib ki, əlaqələrin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək. O ilin sonunda Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammitinin keçiriləcəyini xatırladaraq, bu sammitin də əlaqələrə öz töhfəsini verəcəyini əlavə edib.

Müzakirə yekunlaşdıqdan sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi ilə tanış olub. Səfirə mərkəz barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.