SİYASƏT


Avropa İttifaqı Azərbaycanla münasibətlərin inkişaf perspektivlərini düzgün qiymətləndirir

Bakı, 20 iyul, AZƏRTAC

Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, artıq sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Azərbaycan buna hazırdır. Təbii ki, Avropa İttifaqının bu prosesə töhfə vermək üçün imkanları vardır.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri, Bakıda səsləndirilən bəyanatlar təsdiqlədi ki, İttifaqla ölkəmiz arasında əlaqələrin inkişafında yeni səhifə açılıb.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

Deputat diqqətə çatdırıb ki, Avropa İttifaqı Azərbaycanla münasibətlərinin hazırkı səviyyəsini, rəsmi Bakının mövqeyini və ikitərəfli əlaqələrin inkişaf perspektivlərini düzgün qiymətləndirir. Şarl Mişel münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi barədə danışması bunu bir daha təsdiqlədi. O da faktdır ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır, Aİ-nin üçdəbiri, yəni, 9 dövlətlə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb.

Tərəflər arasında əməkdaşlığı dərinləşdirmək üçün yaxşı iqtisadi imkanlar mövcud olduğunu qeyd edən K.Nurullayeva deyib: "Qarabağ münaqişəsinin həlli isə bu imkanları daha da artırır. Azad edilmiş ərazilərin xarici sərmayədarlar üçün bir çox sahələr üzrə - bərpaolunan enerji mənbələri, aqrar, turizm də daxil olmaqla cəlbediciliyi artmaqdadır. Avropa İttifaqı da bölgədə dayanıqlı sülhü və regional əməkdaşlığı möhkəmləndirmək üçün bütün səyləri dəstəkləyir. İkinci Qarabağ müharibəsindən sonra - ötən il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatda əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar yaranıb. İndi əsas məsələ bundan ibarətdir ki, Ermənistanın heç bir halda bu prosesə mane olmaq potensialı qalmayıb".

Deputat vurğulayıb ki, Avropa İttifaqı rəsmisinin səfəri zamanı diqqətçəkən məqamlardan biri də Şarl Mişelin Bakıda keçirdiyi görüşlərdə “Dağlıq Qarabağ”, “status” və bu kimi digər ifadələr işlətməməsi, hətta Ermənistanla Azərbaycan arasında hazırkı bəzi məsələləri “mübahisə” adlandırması oldu. Bu, onu deməyə əsas verir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni reallığı qəbul edir və regionla bağlı siyasətində bu reallığı nəzərə alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.