DÜNYA


Avropa İttifaqı “Facebook” şirkəti ilə bağlı təhqiqat aparır

Berlin, 7 noyabr, AZƏRTAC

Böyük Britaniya hökuməti Avropa İttifaqına müraciət edərək “Facebook” şirkəti ilə bağlı böyük hay-küyə səbəb olmuş işin təhqiq olunmasını xahiş edib. Şirkət öz istifadəçilərinin məlumatlarından, o cümlədən “Cambridge Analytica” şirkəti vasitəsilə sui-istifadə etməkdə ittiham olunur.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın İnformasiya Komissarı İdarəsi (İCO) “Facebook”un işini İrlandiyanın məlumatların qorunması komissiyasına verib (şirkətin Avropa üzrə qərargahı İrlandiyada yerləşir).

Aİ-nin 2018-ci il may ayında qəbul edilmiş “Şəxsi məlumatların qorunması barədə” yeni qanununa müvafiq olaraq, “Cambridge Analytica” və “Facebook” şirkətləri irlandiyalı tənzimləyicinin diqqətini cəlb ediblər. İCO nümayəndəsi bildirib ki, şübhəli akkauntlar vasitəsilə, yəni sosial şəbəkə qaydaları pozulmaqla yayılan siyasi reklam ekspertlərin diqqət mərkəzində olacaq. Həmin qaydalara görə, siyasi reklamın sifarişçisi həm özü barədə, həm də reklamın xərcini ödəyən barədə informasiya təqdim etməyə borcludur.

“Cambridge Analytica” ilə bağlı qalmaqal 2018-ci ilin əvvəlində başlanıb. O vaxt məlum olub ki, şirkət 87 milyon istifadəçi barədə məlumatı qanunsuz şəkildə toplayıb və üçüncü şəxslərə, o cümlədən ABŞ-ın indiki Prezidenti Donald Trampın seçkiqabağı kampaniyasının qərargahına çatdırıb. Tramp da öz növbəsində, həmin məlumatlardan siyasi reklam üçün istifadə edib. Bu il aprel və may aylarında “Facebook” şirkətinin təsisçisi Mark Tsukerberq ABŞ Konqresində və Avropa Parlamentində səhvini etiraf edib və məlumat sızmasına görə üzr istəyib.

Oktyabrın 25-də İCO “Facebook İnc” şirkətini 500 min funt sterlinq məbləğində cərimə edib. Tənzimləyicinin sözlərinə görə, 2007-ci ildən 2014-cü ilə qədər bu sosial şəbəkə istifadəçilərdən “yetərincə aydın razılıq almadan” onlara aid məlumatları mobil proqram əlavələri yaradanlara ötürüb. Nəticədə bu sonuncular həmin istifadəçilərin dostları barədə məlumatı da əldə etmək imkanı qazanıblar.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.