DÜNYA


Avropa İttifaqı İranla nüvə razılaşmasının ləğv olunmasını istəmir

Vyana, 10 iyul, AZƏRTAC

İran uranın zənginləşdirilməsində 4,5 faizlik həddə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) üzv dövlətlərə verdiyi məlumatda deyilir. Diplomatik dairələrdən mətbuata sızan məlumatlara görə, İranın zənginləşdirilmiş uran ehtiyatları 213,5 kiloqrama çatıb.

2015-ci ildə İranla bağlanmış beynəlxalq nüvə razılaşmasına əsasən, İran uranın zənginləşdirmə dərəcəsi ilə bağlı 3,67 faizlik həddi keçməmək barədə öhdəlik götürmüşdü. 2018-ci ilin may ayında ABŞ razılaşmadan birtərəfli qaydada geri çəkildikdən sonra İran da bu ölkəyə qarşı sanksiyaların ləğv edilməməsini əsas gətirərək, razılaşmanın şərtlərinə əməl etməkdən boyun qaçırıb. İran tərəfi iyulun 7-dən etibarən bu razılaşmada göstərilən maksimal həddin keçərli olmadığını və uran zənginləşdirilməsində müstəqil plan icra edəcəyini elan edib.

Qeyd edək ki, beynəlxalq razılaşmaya əsasən, İran 202,8 kiloqram zənginləşdirilmiş urana sahib ola bilər. Hazırda Aİ ölkələri və BAEA İranla bu ölkənin nüvə proqramına dair razılaşmanı xilas etmək və ya yeni razılaşma əldə etmək üçün bütün mümkün diplomatik vasitələrdən yararlanmağa çalışırlar.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.