İQTİSADİYYAT


Avropa İttifaqı Rustavi-Qırmızı Körpü avtomagistralının tikintisinə 115 milyon avro ayırıb

Tbilisi, 18 yanvar, AZƏRTAC

Avropa İttifaqı (Aİ) Gürcüstanda bir neçə nəqliyyat və infrastruktur layihəsini maliyyələşdirəcək.

AZƏRTAC xəbər verir ki, bunlarda biri də Rustavi şəhərindən Azərbaycanla sərhəddə olan Qırmızı Körpü sərhəd-keçid məntəqəsinədək olan avtomobil yolunun tikintisi layihəsidir. Aİ həmin layihənin həyata keçirilməsi üçün 115 milyon avro nəzərdə tutub.

Ümumilikdə Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” ölkələrində infrastruktur və nəqliyyat layihələrinin maliyyələşdirilməsinə 13 milyard avro ayırıb ki, bunun da 3,5 milyard avrosu Gürcüstan üçün nəzərdə tutulub. Həmin vəsait hesabına Gürcüstanda Trans–Avropa nəqliyyat şəbəkəsinin tərkib hissəsi olan 18 layihənin maliyyələşdirilməsi planlaşdırılır. Bu layihələrdən ikisinin 2020-ci ilədək başa çatdırılması nəzərdə tutulub. Altısının tikintisi isə davam edir. Qalan 10 layihə isə daha uzunmüddətlidir və onların 2030-cu ildə başa çatdırılacağı gözlənilir.

Avropa İttifaqının maliyyələşdirəcəyi nəqliyyat və infrastruktur layihələri sırasında Çumateleti-Arqveti avtomobil magistralının tikintisi (1 milyard avro), Kutaisidə logistik mərkəzin tikintisi (61,5 milyon avro), Anakli dərin özüllü limana qədər dairəvi dəmir yolu və avtomobil yolunun tikintisi (100 milyon avro), Anakli limanının ikinci fazasının tikintisi (233 milyon avro), Alqeti-Sadaxlı yolunun tikintisi (90 milyon avro), Sadaxlıda “Dostluq” körpüsünün tikintisi (6 milyon avro), Batumidən Türkiyə sərhədindəki Sarpi keçid məntəqəsinədək dairəvi yolun tikintisi (115 milyon avro) və digər layihələr daxildir.

Bu layihələr Avropa Komissiyası və Dünya Bankı ilə birgə həyata keçiriləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.