DÜNYA
Avropa İttifaqı əhalinin əksəriyyətini iyun ayına qədər peyvəndləməyi nəzərdə tutur

Budapeşt, 6 aprel, AZƏRTAC
Avropa İttifaqına daxil olan ölkələrin əksəriyyətində artıq iyun ayına qədər əhalinin çox hissəsinin COVID-19 əleyhinə immunlaşdırılması üçün kifayət qədər vaksin olacaq.
AZƏRTAC xəbər verir ki, bu məlumat Avropa Komissiyasının həftəlik bülletenində dərc edilib.
İyun ayının ortalarına qədər Almaniya, Fransa, İtaliya, İspaniya və Niderland öz əhalisinin 55 faizdən çoxunu, yayın ortalarına qədər isə 70 faizini tam peyvəndləşdirə biləcək.
Statistik məlumatlar göstərir ki, 27 ölkənin daxil olduğu Avropa İttifaqı cari ilin ikinci rübündə yetərli sayda vaksin ala biləcək. Avropa Komissiyası dəfələrlə bəyan edib ki, əhalisinin sayı 450 milyona yaxın olan Aİ ölkələri üçün indiyə qədər təqribən 100 milyon doza vaksin alınıb. İyun ayının sonuna qədər Aİ ölkələri daha 360 milyon doza vaksin alacaqlar. Beləliklə, yayın ortalarına qədər Aİ məkanındakı yaşlı əhalinin azı 70 faizini peyvəndləmək üçün kifayət qədər vaksin ehtiyatı olacaq.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt