İQTİSADİYYAT
Avropa İttifaqı ilə Azərbaycan arasında “Ümumi Aviasiya Məkanı Sazişi” ətrafında danışıqlar başlanmışdır
Bakı, 24 yanvar (AZƏRTAC). Yanvarın 24-də Bakıda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında “Ümumi Aviasiya Məkanı Sazişi” ətrafında danışıqların ilkin mərhələsi keçirilmişdir.
Danışıqlarda Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının rəhbərliyi və Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak etmişlər.
Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov AZƏRTAC-a bildirmişdir ki, iki ildir Aİ ilə Azərbaycan arasında ümumi aviasiya məkanı haqqında Sazişin mətni, onun əhəmiyyəti öyrənilir. Bu istiqamətdə müzakirələr təkcə mülki aviasiya sahəsi üzrə deyil, xarici işlər, maliyyə nazirlikləri, eləcə də gömrük, sərhəd və s. istiqamətlərdə aparılır. Danışıqların mahiyyəti ondadır ki, biz belə bir sazişi imzalasaq Azərbaycan aviaşirkətləri üçün Avropa bazarına, eləcə də Aİ ölkələrinin şirkətləri üçün Azərbaycan bazarına geniş yol açılacaqdır. Yəni bu, qarşılıqlıdır. Eyni zamanda, ola bilər ki, bu razılıqdan sonra başqa istiqamətdə də danışıqların aparılması gündəmə gəlsin. Buraya viza məsələsi və s. daxildir. Ümumiyyətlə, danışıqlara gəldikdə, bəzi ölkələrin bu istiqamətdə təcrübələrinə baxsaq, deyə bilərəm ki, bu prosesi iki il ərzində yekunlaşdıra bilərik.
Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia isə Azərbaycan ilə Aİ arasında təkcə aviasiya sahəsində deyil, digər sahələr üzrə də danışıqların aparılmasından şad olduğunu diqqətə çatdırmışdır. Səfir qeyd etmişdir ki, danışıqların öz bəhrəsini verəcəyinə əminəm. Aİ ilə Azərbaycan arasında aviasiya sazişi ətrafında danışıqların başlanması təkcə ikitərəfli münasibətlərin deyil, eləcə də siyasi əlaqələrin, iqtisadi, ticarət və insanlar arasındakı əlaqələrin qüvvətləndirilməsi baxımından mühüm addımdır.
Danışıqlarda Avropa Komissiyasının Nəqliyyat və Mobillik üzrə Baş Direktorluğunun rəsmiləri, eləcə də quruma üzv dövlətlərin təmsilçiləri iştirak etmişlər.
Aİ ilə Azərbaycan arasında “Ümumi Aviasiya Məkanı Sazişi” ətrafında danışıqlar aidiyyəti qurumlarla yanvarın 25-də davam etdiriləcəkdir.