SİYASƏT


Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur

Bakı, 22 iyun, Səadət Hakıyeva, AZƏRTAC

Avropa İttifaqlı ilə Azərbaycan arasında münasibətlər getdikcə intensivləşir. Demək olar ki, münasibətlər özünün yeni inkişaf mərhələsinə qədəm qoyur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

Politoloq diqqətə çatdırıb ki, bu sözlərin sübutu kimi rəsmi Brüsselin Azərbaycana olan münasibətini əsas götürə bilərik. Bu münasibəti formalaşdıran bir çox səbəblər var. İlk növbədə, Azərbaycanın iqtisadi potensialı. Ölkəmiz həm də hər zaman işlək mexanizmləri ortaya qoyur. Yeraltı sərvətlərdən başqa, Azərbaycanın strateji mövqeyi Avropa üçün açar rolunu oynayır. Çünki kommunikasiya xətləri məhz Azərbaycandan keçir. Amma məsələ təkcə bunda deyil. Məsələ ondadır ki, Azərbaycanın intellektual dairələri, işgüzar elitası, ümumiyyətlə, siyasi rəhbərliyi bütün güc və imkanlarını səfərbər etməkdə zirəkdir, çalışqandır. Digər tərəfdən, ölkəmiz əməkdaşlıqda yüksək potensial sərgiləyə bilir. Avropa İttifaqı üçün Şərq Tərəfdaşlığından əlavə Azərbaycanla əməkdaşlıq əhəmiyyətə malikdir. Avropa İttifaqının rəsmiləri açıq şəkildə bildirirlər ki, onlar Azərbaycanın timsalında çox işlək və dinamik bir tərəfdaşı görürlər və təbii olaraq tərəfdaşlıqla bağlı yeni sənədin imzalanmasında maraqlıdırlar. Çünki Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Respublikamızın bu əməkdaşlığın inkişafı istiqamətində gördüyü işlər qarşı tərəfdən qiymətləndirilir. Hazırda konstruktiv əməkdaşlıq şəraitində Aİ ilə yeni tərəfdaşlıq sazişi üzərində iş gedir. Çox güman ki, yaxın zamanlarda həmin saziş imzalanacaq.

T.Abbasov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfransında qeyd etdiyi kimi, ölkəmiz Aİ-nin üzv dövlətlərinin enerji təhlükəsizliyini təmin edir. Belə ki, Azərbaycan 3500 kilometrlik boru kəməri sistemi olan Cənub Qaz Dəhlizi tikintisinin təşəbbüskarıdır və bu layihənin maliyyələşməsində iştirak edib. Cənub Qaz Dəhlizi ən böyük layihələrdən biridir və bu layihənin təşəbbüskarı məhz Azərbaycandır. Cənub Qaz Dəhlizi həm Azərbaycanı Aİ bazarına bağlayacaq, həm də Avropaya enerji mənbələrinin şaxələndirilməsi üçün geniş imkanlar yaradacaq. Beləliklə, yaxın zamanda Azərbaycan Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz etməyə başlayaraq enerji təhlükəsizliyi və enerji ehtiyatlarının şaxələndirilməsini də təmin etmiş olacaq. Avropa İttifaqı Azərbaycanın bu təşəbbüskarlığını, əməkdaşlığa verdiyi töhfələri yüksək qiymətləndirir. Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə telefon danışığından aydındır ki, Aİ Azərbaycanı qurumun bərabərhüquqlu üzvü və sanballı tərəfdaş kimi qəbul edir və ölkəmizin ərazi bütövlüyünü tanıyır. Aİ-nin Azərbaycana münasibəti son 17 ildə kəskin şəkildə müsbət istiqamətə dəyişib.

“Əlbəttə, biz də çalışırıq ki, problemlərimizin həlli ilə bağlı tərəfdaşlarımızı məlumatlandıraq. Burada söhbət təbii ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasından gedir. Qarşılıqlı anlaşma burada mühüm şərtdir. Bu prosesdə Azərbaycanın imkanları böyükdür. Prezident İlham Əliyev videokonfransda çıxışında Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetləri sənədinə toxunaraq bildirdi ki, sənəddə tərəflərin bir-birilərinin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və ölkələrin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsi öhdəliyi gələcək tərəfdaşlığın sütunlarından biri kimi təsbit edilib”, - deyə Tofiq Abbasov fikirlərini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.