İQTİSADİYYAT


Avropa İttifaqı ilə Lənkəranda regional inkişafa dəstək Proqramı üzrə Maliyyələşdirmə Sazişi imzalanıb

Bakı, 2 oktyabr, AZƏRTAC

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında "Azərbaycan üzrə Fəaliyyət Proqramının Maliyyələşdirmə Sazişi" imzalanıb. Sazişdə Avropa İttifaqının Lənkəran iqtisadi rayonunda meyvə-tərəvəz sektorunun rəqabətqabiliyyətliliyinin gücləndirilməsinə, sahibkarlıq və investisiya mühitinin daha da yaxşılaşdırılmasına dəstək göstərməsi nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sənədi iqtisadiyyat naziri Şahin Mustafayev və Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankaus imzalayıb.

Nazir Şahin Mustafayev Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin xüsusilə önəmli olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Avropa İttifaqı ölkələri arasında iqtisadi əlaqələr uğurla davam edir. Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır. Avropa İttifaqı ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı 2017-ci ildə 42 faiz, 2018-ci ilin ilk 8 ayı ərzində isə 43,5 faiz təşkil edib. Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1500-dən çox şirkəti fəaliyyət göstərir. Son 6 il ərzində Avropa ölkələri Azərbaycan iqtisadiyyatına 16 milyard dollara yaxın investisiya yatırıb. Avropa İttifaqı ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX və s.) çərçivəsində də səmərəli əməkdaşlıq həyata keçirilir. Azərbaycan Tvinninq alətindən ən çox istifadə edən ölkələrdəndir. Artıq 34 Tvinninq layihəsinin icrası müvəffəqiyyətlə başa çatıb, 10 Tvinninq layihəsi isə icradadır.

Görüşdə ölkəmizin Avropa İttifaqı ilə prioritet istiqamət olan qeyri-neft sektoru sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğu vurğulanıb, Azərbaycanın nəqliyyat və energetika sahələrində də Avropa İttifaqı ilə əməkdaşlığa önəm verdiyi, ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rolu, “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyəti, eləcə də Azərbaycanın böyük tranzit potensialından istifadə imkanları diqqətə çatdırılıb.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas əlaqələrin genişlənməsi üçün qarşılıqlı marağı vurğulayaraq bu sahədə fikirlərini bölüşüb.

Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində səmərəli əməkdaşlığın olduğunu qeyd edən Kestutis Yankauskas Azərbaycanda qeyri-neft sektorunun prioritetliyini vurğulayaraq, ölkəmizin geniş ixrac imkanlarını qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.