DÜNYA
Avropa İttifaqı ilə iqtisadi əməkdaşlıq barədə müqavilə Yaponiyada qiymətləri aşağı salacaq
Tokio, 13 yanvar, AZƏRTAC
Avropa İttifaqı (Aİ) ilə iqtisadi əməkdaşlıq barədə müqavilənin gələn ay qüvvəyə minməsi nəticəsində Yaponiyaya ixrac olunan məhsulların qiymətləri aşağı düşəcək.
AZƏRTAC xəbər verir ki, Aİ-dən ölkəyə şərab ixrac edən “Mercian”, “Suntory”, “Asahi” və “Sapporo” şirkətləri fevralın 1-dən tariflərin ləğv edilməsinə görə, Avropa şərablarının qiymətini 11 faizdən 20 faizədək azaldacaqlar.
“Meidi” supermarketlər şəbəkəsi Fransa və İtaliyadan ixrac edilən pendir və şərabların satışını genişləndirməyi və assortimenti artırmağı planlaşdırır.
Həm Aİ ilə imzalanan iqtisadi tərəfdaşlıq müqaviləsi, həm də ötən ay qüvvəyə minən Yaponiyanın və 10 digər dövlətin daxil olduğu azad ticarət barədə Trans-Sakit okean Tərəfdaşlığı üzrə razılaşma bütün ölkə üzrə istehlakçılara böyük mənfəət gətirəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio