DÜNYA
Avropa İttifaqı koronavirusa yoluxmanın artması səbəbindən sərhədlərin təkrar bağlanılması barədə düşünür
Bakı, 29 iyul, AZƏRTAC
Hər iki göstərici – yoluxanların və ölənlərin sayı üzrə əvvəlki kimi ABŞ liderdir: müvafiq olaraq 4,3 milyon və 149,2 min nəfər. Braziliya yoluxanların sayı 2,4 milyon nəfər və ölənlərin sayı 88,5 min nəfər olmaqla ikinci yeri tutur. Rusiya 827,4 min nəfər yoluxma faktı ilə dünyada dördüncü yerdədir.
Avropanın bir çox ölkəsində xəstəliyin səviyyəsinin artması Avropa hakimiyyət orqanlarını Aİ-nin xarici və daxili sərhədlərinin yenidən bağlamaq barədə düşünməyə məcbur edib. Lakin Fransanın Səhiyyə naziri Olivye Veran xəbərdarlıq edib ki, bundan hər hansı vasitə ilə qaçmağa çalışmaq lazımdır. O, həmçinin bildirib ki, ölkədə təkrar lokdaundan uzaq durmaq istərdi. Lakin onun sözlərinə görə virusla savaşın sonu hələ çox uzaqdadır.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, İspaniyada xəstəliyə tutulanların sürətlə artması müşahidə edilir. Bu ölkədə hakimiyyət orqanları xüsusilə zərər çəkən rayonlarda lokal lokdaunları tətbiq edirlər. Böyük Britaniyada İspaniyadan gələnləri ikihəftəlik məcburi karantin gözləyir. Baxmayaraq ki, daha əvvəl bu ölkələr arasında hava dəhlizinin yaradılması barədə saziş bağlanılıb.
Bu həftənin əvvəlində İspaniyanın Baş Naziri Pedro Sançes bəyan edib ki, Britaniyanın hakimiyyət orqanlarının qərarı çox sərtdir və İspaniya hakimiyyət orqanları məhdudiyyətlərə yenidən baxılacağına ümid edir. Onun sözlərinə görə, İspaniya ərazilərinin böyük hissəsində COVID-19-a yoluxmanın səviyyəsi Britaniyanın özü ilə müqayisədə aşağıdır.
Almaniya alimləri hesab edirlər ki, COVID-19-a qarşı vaksinin gələn ilin ortalarından tez yaradılacağı gözlənilmir. Bu ölkə epidemiyanın öhdəsindən uğurla gələn dövlətlərdən biri sayılır. Lakin Səhiyyə naziri Yens Şpan deyib ki, son günlərdəki vəziyyətdən çox narahatdır, yoluxanların sayı yenidən sürətlə artmaqdadır. Cons Hopkins Universitetinin məlumatına görə, Almaniyada yoluxanların ümumi sayı təqribən 208 min, bu xəstəlikdən ölənlərin sayı isə 9,1 min nəfər təşkil edir.
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, koronavirusu “ayaqüstü” keçirib. Bu yaxınlarda o, xəstəliyə yoluxduğunu, lakin onu simptomsuz keçirdiyini etiraf edib. Onun sözlərinə görə, ölkə əhalisinin 97 faizi xəstəliyi eynilə bu cür keçirirlər, pandemiya ətrafında panikanı isə o, psixoz adlandırıb. Cons Hopkins Universitetinin məlumatına görə, bütün bu müddət ərzində Belarusda 67,3 min yoluxma faktı aşkarlanıb, 543 nəfər isə bu xəstəliyin qurbanına çevrilib.
Rumıniyanın hakimiyyət orqanları da COVID-19-un yeni dalğası fonunda qaydaları sərtləşdirirlər: ictimai yerlərdə maska taxmaq məcburi olacaq, barların və bəzi başqa müəssisələrin fəaliyyətinə məhdudiyyətlər tətbiq edilir. Ölkədə epidemiya başlanandan virusa yoluxanların ümumi sayı 47 min nəfərdən çox təşkil edib, xəstəlik nəticəsində 2,2 min nəfər ölüb. Bu, Avropada ən aşağı göstəricilərdən biridir. Lakin son həftə ərzində hər gün mindən artıq COVID-19-a yeni yoluxma halı aşkarlanır.
Həkimlərin fikrincə, bu, bir çox halda Rumıniyanın Konstitusiya Məhkəməsinin bu yaxınlarda qəbul etdiyi qərarla bağlıdır. Qərarda koronavirus xəstələrinin məcburi qaydada xəstəxanaya yatırılması və onların qohumlarının məcburi şəkildə təcrid olunması qeyri-qanuni hesab edilib. Nəticədə xəstəliyi yüngül formada keçirən 972 nəfər koronaviruslu pasiyent son günlərdə xəstəxanalardan evə buraxılıb. Həmçinin rumıniyalı həkimlərin sözlərinə görə 3600-dən artıq COVID-19 xəstəsi ümumiyyətlə xəstəxanalara yatırılmayıb.