DÜNYA
Avropa İttifaqı magistral boru kəmərlərinin zədələnməsindən narahatdır
Berlin, 28 sentyabr, AZƏRTAC
Avropa İttifaqının (Aİ) rəsmi şəxsləri həm açıq, həm də pərdəarxası şəkildə belə bir fikir bildirirlər ki, “Şimal axını-1” və “Şimal axını-2” təbii qaz boru kəmərlərində dünənki sızma əvvəlcədən düşünülmüş diversiyanın nəticəsidir.
AZƏRTAC xəbər verir ki, bu mövzu bu gün Avropanın bütün aparıcı nəşrlərinin gündəliyindədir.
Sosial şəbəkələr də çap nəşrlərindən geri qalmır. Məsələn, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel özünün tviterdəki mikrobloqunda “Şimal axını”ndakı qaz sızmasını Avropa İttifaqı ölkələrinə enerji tədarükünün sabitliyini daha da pozmaq məqsədi güdən sabotajın nəticəsi hesab edir. Ş.Mişel yazıb: “Biz təcili və mükəmməl təhqiqat aparmalıyıq. Təqsirkarlar tam məsuliyyət daşıyacaq və baş verənlərin zərərini ödəyəcəklər. Rusiya qazından imtina etmək imkanı verən enerji tədarükünü şaxələndirmək cəhdlərimiz davam edəcək”.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel isə, öz növbəsində, bildirib ki, əldə olunan məlumatlar bunun əvvəlcədən düşünülmüş hərəkətlərin nəticəsi olduğunu göstərir. O deyib: “Biz bu insidentlərin səbəblərini və şəraitini ətraflı surətdə aydınlaşdırmağa imkan verən təhqiqata hər cür dəstək göstərəcəyik”.
Siyasətçilər ümid edirlər ki, təhqiqatın nəticələrinə əsasən Avropa İttifaqı əlaqələndirilmiş cavab verəcək və enerji təhlükəsizliyinin dayanıqlılığının gücləndirilməsi üçün sonrakı addımları atacaq. Bununla yanaşı, onlar ehtiyatlı mövqe tutur, qaz kəmərlərinin zədələnməsində kimin təqsirkar ola biləcəyi barədə ehtimalları dilə gətirmirlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin