Avropa İttifaqı məhsulların tərkibindəki vitaminlərin ani aşkarlanması üçün sensor istehsal edir
AzerTAg.az
Bakı, 2 avqust, AZƏRTAC
Fermerləri, qida istehsalçılarını, texnoloji laboratoriyaları və universitetləri birləşdirən “European Food Screening EMR” layihəsinin qarşısında iddialı məqsəd var – Avropa kənd təsərrüfatını yeni səviyyəyə qaldırmaq.
Layihə çərçivəsində hazırlanan flaqman məhsullardan biri də meyvə və tərəvəzlərdəki vitaminlərin miqdarını çöl şəraitdə real vaxt rejimində müəyyən edə bilən biosensordur. AZƏRTAC “Euronews” telekanalına istinadla xəbər verir ki, yeniliyin 2 il ərzində bazara çıxarılması məqsədilə sınaqlar Hollandiyanın Baarlo şəhərindəki istixanada yetişdirilən xiyar üzərində aparılır.
Məhsulun tərkibini bilərək, onun istehsalçıları su istehlakını tənzimləyə və bitkilərin qida xüsusiyyətlərini yaxşılaşdıra biləcəklər.
Layihəyə qatılan “Yookr” şirkəti emal edilməmiş məlumatları sadə və istifadəçi üçün başa düşülən informasiyaya çevirməklə, onu gadjet və ya smartfon ekranına çatdırmaqla məşğul olur.
"Adətən, tərəvəzlərdə və ya meyvələrdə vitaminlərin tərkibini müəyyən etmək üçün aparılan analizin nəticəni ən azı bir neçə gün gözləyirik, çünki məhsul laboratoriyaya gedir, - deyə şirkətin direktoru və sahibi Con Van Helden qeyd edir. - Biz bu gün sensorla ölçü götürməyə və nəticəni bir dəqiqədən də az bir müddətdə verməyə hazırıq".
Biosensor rəng kodu vasitəsilə qida məhsullarında vitaminləri aşkar etməyə qadirdir. Sensorun kimyəvi "özəyi" - nümunədə vitaminlərin dəqiq tərkibini müəyyən edən reseptor üçün məsuliyyəti Maastrixt Universiteti daşıyır.
Food Screening EMR layihəsinin büdcəsi təxminən 2 milyon avro təşkil edir. Təşəbbüsdə təxminən on alman, Belçika və Hollandiya universiteti, tədqiqat mərkəzləri və şirkətləri iştirak edir.
Biosensorun tərtibatçıları onun istifadədə asan olmasını və ən vacib məlumatları dərhal toplamaq qabiliyyətini ən böyük üstünlükləri kimi xarakterizə ediblər.

Xəbərin mətnində orfoqrafik səhv var