DÜNYA
Avropa İttifaqı ukraynalı qaçqınların sayının 10 milyona çatacağını istisna etmir
Bakı, 29 mart, AZƏRTAC
Avropa İttifaqının hakimiyyət orqanları yaxın aylarda Ukraynanı tərk edən qaçqınların sayının 8-10 milyon nəfərə çatacağını istisna etmir.
AZƏRTAC “El Pais” qəzetinə istinadla xəbər verir ki, bu barədə Avropa mənbələri BMT-nin məlumatlarına əsaslanaraq bildirib. Avropa İttifaqı münaqişənin aylarla, hətta illərlə davam etməsindən və daha böyük humanitar böhrana səbəb olmasından ehtiyatlanır.
Martın 28-də Brüsseldə ittifaqa üzv ölkələrin daxili işlər nazirlərinin iclası zamanı böhranın nəticələrini yumşaltmağa yönəlmiş tədbirlər planı müzakirə edilib. Hesablamalarda səhvlərə yol verməmək üçün qaçqınların vahid və mərkəzləşdirilmiş qeydiyyatı üzrə Avropa platformasının qurulması təklif olunub.
Həmçinin nazirlər bəzi dövlətlərdə miqrasiya təzyiqini azaltmaq üçün qaçqınları qəbul etmək imkanlarına əsaslanan xüsusi indeksin yaradılması barədə razılığa gəliblər. Avropa İttifaqı qaçqınların paylanmasına dair kvota mexanizmini işə salmağı planlaşdırmır. Bu təklif ukraynalıları qəbul edə biləcək ölkələr haqqında daha çox məlumat verməklə, qatarlara, avtobuslara və uçuşlara çıxışı olan nəqliyyat qovşaqlarını inkişaf etdirməklə onların könüllü hərəkətini təmin etməyi nəzərdə tutur.
Eyni zamanda, Berlin və Varşava Aİ hakimiyyətinə birgə məktub göndərərək, ukraynalı qaçqınların qəbulu ilə bağlı maliyyə planı hazırlamağa çağırıb. Almaniya və Polşa Ukraynada müharibə başladıqdan sonra ilk altı ay ərzində qəbul edilən hər qaçqına görə 1000 avro yardım istəyir.
Qeyd edək ki, BMT-nin qaçqınların işi üzrə Ali komissarlığının məlumata əsasən, fevralın 24-dən martın 27-dək Ukraynanı tərk edən qaçqınların sayı 3 milyon 866 min 224 nəfərə çatıb. Polşaya 2 milyon 293 min 833, Rumınıyaya 595 min 868, Moldovaya 383 min 627, Macarıstana 354 min 41 qaçqın gəlib.