CƏMİYYƏT


Avropa İttifaqı və BMTİP peşə təhsilinin təşviqi məqsədilə cənub bölgəsinə mediatur təşkil edib

Bakı, 26 may, AZƏRTAC

Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Cəlilabada birgə mediatur təşkil edib.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində təşkil olunan səfər ölkəmizdə şagirdlərin ixtisas seçimi ərəfəsində həyata keçirilib. Məqsəd peşə təhsili müəssisələri barədə məlumatlılığı artırmaq, həmçinin peşə təhsili və təlimini müxtəlif qabiliyyətlərə malik gənclər, eləcə də yetkinlər üçün müvafiq təhsil seçimlərindən biri kimi uğurlu təqdimatına dəstək olmaqdır.

Gün ərzində baş tutan tədbir region üzrə icra hakimiyyəti nümayəndələrini, təşkilatçı qurumların yüksək səviyyəli rəsmiləri, paytaxtdan və regiondan bir sıra media nümayəndələrini, o cümlədən müəllim və tələbələri və özəl sektor müəssisələrinin rəhbər şəxslərini, ümumilikdə 400 nəfəri bir araya gətirib.

Tədbir çərçivəsində iştirakçılar mebel sənayesi üzrə ixtisaslaşan “Woodpecker” şirkətinə səfər edib və orada çalışan tələbələrlə tanış olublar. Sözügedən tələbələr hazırda layihə tərəfindən tətbiq olunan dual təhsil proqramı çərçivəsində müxtəlif müəssisələrdə praktiki məşğələlərdə iştirak edir və real iş mühitində öyrənmə imkanı qazanırlar.

Rəsmilər səfər zamanı Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə baş çəkib, müəllim və tələbə heyəti ilə görüşlər keçirib, həmçinin ustad dərslərinə (master klass) qoşulublar. İştirakçılar regionlarda peşə təhsili məzunu qadın və kişilər üçün məşğulluq imkanlarını müzakirə edib, habelə layihənin dəstəyi ilə tezliklə bu peşə təhsil müəssisəsində yaradılacaq Karyera Mərkəzinin rolu və tələbələrə gələcək karyera addımlarında dəstək olması məqamlarını vurğulayıblar.

Tədbirin tərkib hissəsi olaraq, dövlət-özəl sektor tərəfdaşlığına həsr edilmiş dəyirmi masa keçirilib. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə təşkil edilən dəyirmi masada kənd təsərrüfatı, quşçuluq, mebel sənayesi, tekstil və qonaqpərvərlik istiqamətləri üzrə fəaliyyət göstərən 15-ə yaxın özəl sektor müəssisəsi iştirak edib. Şirkətlər peşə təhsil müəssisələrində tədris alan tələbələrin qiymətləndirilməsi, kurikulumların yenilənməsi və yeni maliyyələşdirmə mexanizmləri mövzuları üzrə müzakirələr aparıblar. Müəssisələr, həmçinin layihə tərəfindən tezliklə təşkil ediləcək Məşvərət Şurasının dəstəyi ilə təhsilverənlərlə özəl sektor arasında digər əməkdaşlıq imkanları barədə danışıblar.

Bu fəaliyyətlərin məqsədi ölkədə peşə təhsil müəssisələrinin cəlbediciliyinin artırılması və əmək bazarının tələbləri ilə uzlaşdırılmasına dəstək olmaqdır. Layihə çərçivəsində həyata keçirilən müvəkkillik fəaliyyətləri peşə təhsili haqqında, onun sosial və iqtisadi önəmi, eləcə də perspektivləri barədə məlumat səviyyəsinin artırılmasına hədəflənir.

Mediatur ikili görüşlərin keçirilməsi ilə başa çatıb.

Qeyd edək ki, mediatur Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.