REGİONLAR


Avropa İttifaqı və BMT Gəncədə peşə təhsilinin inkişafı üçün yeni layihənin icrasına başlayıb

Gəncə, 24 may, Rauf Hacıyev, AZƏRTAC

Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) 3,4 milyon ABŞ dolları dəyərində olan yeni layihəyə start verib. Layihənin icrasında məqsəd Azərbaycanın əmək bazarının tələblərinə və milli inkişaf planlarına uyğun olaraq ölkənin peşə təhsili və insan kapitalını gücləndirmək üçün birgə səyləri birləşdirməkdir. “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” adlı layihə respublikamızın iki bölgəsi – Gəncə və Cəlilabadda texniki peşə təhsili və ixtisaslaşdırılmış peşə biliyi bazasının artırılmasını nəzərdə tutur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 24-də layihənin Gəncə regional komponentinə start verilib. Bu münasibətlə keçirilən tədbirdə ictimaiyyətin və özəl sektorun nümayəndələri, yerli hakimiyyət orqanlarının əməkdaşları və texniki peşə məktəblərinin müəllimləri, həmçinin Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqı Komissarlığının nümayəndə heyəti iştirak edib.

Bildirilib ki, layihə Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək göstərəcək.

Mərasimdə çıxış edən Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas peşə bacarıqlarının əhəmiyyətini qeyd etməklə yanaşı, peşə təhsili sektorunun müasir, şaxələnmiş iqtisadiyyat üçün ilkin şərt olduğunu deyib. Vurğulanıb ki, Gəncə şəhərində həyata keçiriləcək layihənin yekununda peşə təhsilinin beynəlxalq standartlara və spesifik sənaye tələblərinə cavab verməsini təmin etmək mümkün olacaq. Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin göstərdiyi xidmətlər, həmçinin Gəncə şəhəri və ətraf rayonlarda peşə təhsilinin keyfiyyətini və ümumi rəqabət qabiliyyətini artırmağa kömək edəcək.

Peşə təhsilinin inkişafı sahəsində strateji perspektivlərdən danışan BMT İP-in Azərbaycan ofisinin rezident nümayəndəsinin müavini Alessandro Frakassetti deyib ki, ölkədə peşə təhsili və peşə hazırlığı müəssisələrinin müasirləşdirilməsinə göstərilən davamlı dəstək uzunmüddətli potensialın artırılmasına və peşə hazırlığının struktur inkişafına yönəlməlidir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək diqqətə çatdırıb ki, bu layihə Azərbaycanın əmək bazarının tələblərinə və milli inkişaf planlarına uyğun olaraq ölkənin peşə təhsili və insan kapitalını gücləndirmək baxımından xüsusi önəm kəsb edir.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri Famil Mustafayev bildirib ki, layihə hər iki bölgədə elmi tərəqqiyə əsaslanan güclü iqtisadiyyat üçün əsas özül rolunu oynayan yerli kadrların inkişaf etdirilməsinə dəstək olacaq. Layihə ölkənin işçi potensialının ən həssas kateqoriyaları, o cümlədən gənclər, qadınlar və əlilliyi olan şəxslərin əmək bazarının tələblərinə cavab verən bacarıq və resurslardan yararlanmalarını təmin edəcək. Bu məqsədlə BMT İP qeyri-neft sektorunda yeni peşə təhsili proqramlarının işlənib hazırlanması və həyata keçirilməsində milli qurumlara dəstək verəcək.

Vurğulanıb ki, əmək bazarlarının getdikcə ixtisaslaşdığı bir dövrdə yüksəkkeyfiyyətli peşə təhsilinə tələbat artmaqdadır. Məhz bu tələbatdan çıxış edərək, Azərbaycan hökuməti daha rəqabətli milli peşə təhsili sisteminin təşviq edilməsinə yönələn müxtəlif siyasət proqramları və strategiyaları həyata keçirir.

Avropa İttifaqı və BMT İP tərəfindən həyata keçirilən Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi layihəsi hökumətin məhz bu səylərinə dəstək verərək, təhsilin keyfiyyətini və təhsil sahəsində bərabərliyi artırmağa yönəlib. Layihə, həmçinin milli peşə təhsili və təlim sisteminin Avropa standartları və ən qabaqcıl təcrübələrlə uyğunluğunu təmin etmək məqsədi daşıyır.

Qeyd olunub ki, keyfiyyətli təhsil konsepsiyası 2030-cu il üzrə İnkişaf Proqramının əsasını təşkil edir və daha çox qlobal məqsədlər kimi tanınan Dayanıqlı İnkişaf Məqsədlərindən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.