DÜNYA
Avropa İttifaqı və Böyük Britaniya Brexit tarixinin təxirə salınmasını razılaşdırıb
Bakı, 11 aprel, AZƏRTAC
Bir neçə saat davam edən gərgin müzakirələrdən sonra Avropa İttifaqına üzv 27 ölkənin lideri Brexit tarixinin yenidən təxirə salınması məsələsini razılaşdırıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, indi London ən gec oktyabrın 31-nə qədər Avropa İttifaqı ilə vidalaşmalıdır. Əks halda noyabrın 1-də Brexit sazişsiz baş verəcək.
Lakin tərəflər arasında saziş həmin müddətdən öncə ratifikasiya edilsə, Brexit prosesi növbəti ayın birinci günündə baş tutacaq. Əgər Britaniya parlamenti mayın 22-nə qədər sazişi təsdiq etməsə və ölkə Avropa Parlamentinə seçkilər zamanı Avropa İttifaqının tərkibində olsa, Birləşmiş Krallıq seçkilərdə iştirak etməli olacaq. Əks halda Brexit müddəti mayın 31-də başa çatacaq və iyunun 1-də Böyük Britaniya Avropa İttifaqını sazişsiz tərk etməyə məcbur olacaq.