CƏMİYYƏT
Avropa İttifaqı və FAO layihəsi yerli qida istehsalını təşviq edir
Bakı, 25 iyun, AZƏRTAC
Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Zaqatala və Qaxda fəaliyyət göstərən kiçik qida məhsulları istehsalçılarına təlimlər keçirməyə başlayıb.
FAO-nun Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, iyun-iyul aylarında 14 istehsalçı qrupunun hər birinə 5 təlim veriləcək. Təlimlər “Biznes model və uğurlu biznes modelin təhlili”, “Satış texnikası və onlayn marketinq”, “Gəlir və xərclərin hesablanması”, “Qablaşdırma, markalama və məhsul sertifikatlaşdırması”, “Kooperativ biznesə başlanması” mövzularına həsr olunub.
Təlimlərin keçirilməsində məqsəd layihənin əhatə etdiyi regionda yaradılacaq dəyər zəncirlərinin iştirakçılarında biznesqurma və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.
Layihənin hədəflərindən biri ölkədə yerli qidanın əhəmiyyətinə və yerli qida istehsalçılarına diqqət çəkməkdir. Layihə Zaqatala, Qax, Balakən rayonlarına xarakterik olan 6 məhsul üzrə dəyər zəncirləri formalaşdırmaq və istehsalçılara lazımi bilik və müasir avadanlıqlarla dəstək verməklə yanaşı, regionda 3 ərazinin Qlobal Əhəmiyyətli Kənd Təsərrüfatı İrsi (GIAHS) məntəqəsi kimi seçib qeydiyyata alınması istiqamətində fəaliyyət göstərir.
“Yerli qida” layihəsi çərçivəsində fındıq əzməsi, xurma (xirnik) qurusu, xurma bəkməzi, bal, qoz mürəbbəsi, qaxac ət məhsullarının istehsalı dəstəklənəcək. Layihə çərçivəsində bu məhsulların istehsalı ilə bağlı mövcud bir sıra problemlərin həlli də nəzərdə tutulub. Belə ki, FAO seçilmiş bu məhsullar üzrə icma əsaslı aqrar məsləhət xidməti modelinin yaradılması istiqamətində də iş aparır.