CƏMİYYƏT


Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının əl gigiyenası üzrə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində tibb fakültələri və kolleclərin tələbələri arasında təşkil edilən əl gigiyenası müsabiqəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, sentyabrın 16-da müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı, ÜST-nin Səhiyyə sistemlərinin gücləndirilməsi üzrə texniki mütəxəssisi, professor Halil İbrahim Durak, layihə rəhbəri, mütəxəssis Tural Qulu, həmçinin təlimçi və müsabiqə iştirakçıları iştirak ediblər.

ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı belə innovativ müsabiqənin ölkədə ilk dəfədir təşkil edildiyini bildirib. Onun dediyinə görə, müsabiqənin təşkil edilməsində məqsəd təhsil alanların əlyuma və steril əlcəkgeyinmə üzrə bilik və bacarıqlarını artırmaqdır.

H.Harmancı, həmçinin qeyd edib ki, iştirakçılar əl gigiyenası müsabiqəsi çərçivəsində “əlyuma və steril əlcəkgeyinmə” üzrə təlim keçiblər: "Bakı şəhəri və bölgələrdəki 19 tibb fakültəsində və kollecində təhsil alan 1418 tələbə müsabiqə çərçivəsində keçirilən təlimdə iştirak edərək post-testdən keçib və onlardan 212 nəfəri müsabiqəyə videosunu təqdim edib. ÜST-nin ekspertlərindən ibarət münsiflər heyəti təqdim olunan videolardan 21-ni qiymətləndirərək onları qalib elan edib. Qeyd edim ki, layihə ölkənin sağlamlıq təhdidlərinin qarşısının alınması, aşkarlanması və onlarla mübarizə qabiliyyətini artırmaq səylərinə dəstək göstərməyə davam edəcək".

Məlumata əsasən, qaliblərə notbuklar, planşetlər və müxtəlif tibbi cihazlar da daxil olmaqla hədiyyələr verilib. Bütün qaliblərə sertifikatlar təqdim edilib. Məlumata əsasən, müsabiqənin nəticələri 2021-ci ilin sentyabrında İsveçrənin Cenevrə şəhərində keçirilən İnfeksiyanın qarşısının alınması və nəzarət konfransında təqdim edilib.

Əl gigiyenası infeksiyanın qarşısının alınması və nəzarət tədbirlərinin vacib elementidir. Düzgün əl gigiyenası COVID-19 da daxil olmaqla infeksiyaların yayılmasının qarşısını almağa kömək edə bilər, ona görə də bu, pandemiya zamanı xüsusilə vacibdir. Müsabiqə və təlim tələbələrin əlləri düzgün yumaq və dezinfeksiyaedici vasitələrdən istifadə ilə bağlı biliklərini artırmasına, ÜST texnikasından istifadə edərək əlyuma mərhələlərini öyrənməsinə kömək edib.

Xatırladaq ki, daha əvvəl Aİ-ÜST layihəsi çərçivəsində səhiyyə işçiləri üçün əl gigiyenası mövzusunda bir sıra vebinarlar təşkil olunub, münaqişənin təsirinə məruz qalmış regionlarda əl gigiyenası ilə bağlı posterlər paylanıb və xəstəxanalarda infeksiyanın qarşısının alınması və nəzarət mövzusunda qiymətləndirmələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.