CƏMİYYƏT
Avropa İttifaqına meyvə və tərəvəz məhsullarının ixrac olunması məsələləri müzakirə olunub
Bakı, 20 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı, Latviya və Polşa respublikalarındakı ticarət nümayəndəliklərinin iştirakı ilə meyvə-tərəvəz məhsullarının istehsalçıları və ixracatçıları assosiasiyaları və sahibkarlarla videokonfrans formatında görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, videokonfransda Fındıq İstehsalçıları və İxracatçıları, Xurma İstehsalçıları və İxracatçıları, Nar İstehsalçıları və İxracatçıları, Zəfəran İstehsalçıları və İxracatçıları, Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları assosiasiyalarının rəsmiləri, eləcə də nar, pomidor və zəfəran istehsal edən müəssisələrin rəhbərləri iştirak ediblər.
“Avropa İttifaqına meyvə və tərəvəz məhsullarının ixrac olunması” mövzusuna həsr olunmuş tədbirdə agentliyin sədri Qoşqar Təhməzli Azərbaycanla Avropa İttifaqının (Aİ) önəmli tərəfdaş olduğunu, Aİ-yə üzv ölkələrin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirildiyini bildirib, məhsulları Avropa İttifaqına ixrac edilməsi planlaşdırılan müəssisələrin lazımi prosedurlardan keçirilməsi və onlara metodiki köməkliyin göstərilməsi məqsədilə aparılan işlər barədə məlumat verib.
Tədbirdə ölkəmizin Latviyadakı ticarət evi nümayəndəliyinin 2018-ci ildən fəaliyyət göstərdiyini və sahibkarların Avropa bazarına çıxması üçün hər cür dəstəyin göstərməyə hazır olduğu bildirilib.
Videokonfransda Avropa İttifaqına, xüsusən Latviya, Polşa respublikalarına meyvə və tərəvəz məhsullarının ixracının genişləndirilməsi üçün mövcud potensial və perspektivlər müzakirə olunub. Avropa İttifaqı bazarına alternativ bazar olaraq Azərbaycan məhsullarının ixracında sahibkarlar, ticarət nümayəndəlikləri və agentlik birgə işlər görərək ixracın artırılması sahəsində tədbirlərin görülməsi barədə razılığa gəliblər.
Videokonfransda assosiasiya rəhbərlərinın qaldırdığı məsələlər dinlənilib, təkliflərin nəzərə alınacağı və sahibkarlıq subyektlərinə göstərilən lazımi metodiki dəstəyin bundan sonra da davam etdiriləcəyi bildirilib. Sahibkarlar istehsal olunan məhsulların, eləcə də müəssisələrin beynəlxalq Avropa standartlarına uyğunlaşdırılmasında işlərinin daha da genişləndiriləcəyini qeyd ediblər.