DÜNYA


Avropa İttifaqına üzv 9 ölkə enerji bazarında islahatların əleyhinədir

Roma, 26 oktyabr, AZƏRTAC

Avropa İttifaqına (Aİ) üzv 9 ölkə artan enerji qiymətləri fonunda Aİ-də elektrik enerjisi bazarının yenidən nəzərdən keçirilməsinə qarşı olduqlarını bəyan edib.

AZƏRTAC xəbər verir ki, Aİ-yə üzv ölkələrin enerji nazirlərinin artan enerji qiymətlərini müzakirə etmək üçün bu gün Lüksemburqda keçirəcəyi iclas ərəfəsində Almaniya, Niderland, Avstriya, Lüksemburq, Danimarka, Finlandiya, Estoniya, İrlandiya və Latviya birgə məktub yayımlayıblar. Məktubda enerji qiymətlərindəki artımın qlobal xarakter daşıdığı və bunun Aİ ölkələrinə də təsir etdiyi vurğulanıb.

Qiymətlərdəki artımın xüsusilə aztəminatlı insanları, eləcə də kiçik və orta biznes subyektlərini narahat etdiyi bildirilib. Məktubda enerji bazarındakı mövcud qiymət artımının qlobal iqtisadi canlanma və ənənəvi enerji mənbələrində tələb-təklif amillərindən asılı olduğu vurğulanıb, Aİ-nin enerji bazarının və iqlim siyasətlərinin bu artımdan məsuliyyət daşımadığı qeyd edilib.

Məktubda yaz aylarında enerji qiymətlərinin orta səviyyələrə qayıdacağının gözlənildiyi, Aİ-nin təbii qaz və elektrik enerji bazarlarının mərhələli şəkildə və uzun illər ərzində qurulduğu, enerji bazarlarının dizaynına müdaxilələrdə çox diqqətlə davranmağın vacibliyi bildirilib. Enerji qiymətlərindəki artımın ənənəvi enerji bazarlarından qaynaqlandığı, Aİ-nin bu vəziyyətə qarşı təbii qaz və elektrik bazarındakı islahatlarının dəstəklənməyəcəyi vurğulanıb.

Qeyd edək ki, Avropada istehlakçılar təbii qaz və elektrik enerjisinin qiymətlərindəki artımdan narahatdırlar. Fransa, İspaniya, Yunanıstan, Çexiya və Rumıniya kimi ölkələr isə Aİ-nin təbii qaz və elektrik enerjisi bazarlarında islahatların aparılmasının tərəfdarıdırlar.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.