DÜNYA
Avropa İttifaqının Brexit üzrə növbədənkənar sammiti noyabrın 25-nə təyin olunub
Bakı, 15 noyabr, AZƏRTAC
Avropa İttifaqı Şurasının sədri Donald Tusk Aİ-nin Brexit üzrə saziş üzərində işlərin yekunlaşmasına həsr olunan növbədənkənar sammitinin noyabrın 25-də baş tutacağını bildirib.
AZƏRTAC bu barədə Interfax informasiya agentliyinə istinadla xəbər verir.
“Qeyri-adi bir hadisə baş verməsə, biz Brexit üzrə sazişin yekunlaşması və ona rəsmi status verilməsi üçün Avropa İttifaqı Şurasının görüşünü keçirəcəyik. Bu görüş noyabrın 25-də, bazar günü olacaq”, - deyə Donald Tusk mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, həmin vaxtadək bir sıra görüşlər və müzakirələr nəzərdə tutulub. O cümlədən Aİ-nin bütün üzvləri sazişi diqqətlə nəzərdən keçirəcək və həftə sonuna qədər bütün üzv ölkələrin səfirləri müzakirələr üçün bir araya gələcək.
Avropa Komissiyasının noyabrın 20-dək deklarasiya üzərində işləri başa çatdıracağı, Aİ-nin 27 ölkəsinin isə növbəti 48 saat ərzində onu qiymətləndirəcəyi gözlənilir.
Qeyd edək ki, bu ərəfədə 5 saatlıq müzakirələrdən sonra Böyük Britaniyanın Nazirlər Kabineti Brexit üzrə sazişin mətnini təsdiqləyib. Hökumət üzvlərinin üçdəbirinin sənədə qarşı çıxdığı bildirilir.