REGİONLAR


Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində icra olunan “Nizami” layihəsinə yekun vurulub

Gəncə, 10 aprel, Rauf Hacıyev, AZƏRTAC

Avropa İttifaqının Təhsil, Audiovizual və Mədəniyyət İcra Agentliyi (EACEA) ali təhsil sahəsində bacarıqların artırılması (Key Action 2) üzrə “Erasmus+” proqramı çərçivəsində “Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və vahid Avropa ali təhsil məkanının tələblərinə uyğun strukturlaşdırılması sahəsində Nizami” adlı layihəsinin yekununa dair seminar keçirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetində təşkil edilən seminarda Gəncə şəhərində yerləşən elm və ali təhsil müəssisələri - AMEA Gəncə bölməsi, Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu və Aqromexanika Elmi-Tədqiqat İnstitutunun nümayəndələri, həmçinin doktorant və dissertantlar iştirak edib.

Seminarı açan layihənin meneceri, bağçılıq kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Abbas İsmayılov layihə çərçivəsində görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, Avropa və Azərbaycan universitetləri arasında təcrübə mübadiləsi ilə üç il yarım davam etmiş (2015-2019) layihə çərçivəsində Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil sahəsinin tələblərinə uyğun yenidən qurulması və inkişaf etdirilməsi istiqamətində tərəfdaş qurumlar birgə iş aparıb, ölkəmizin Avropa təhsil sisteminə inteqrasiyası təşkil olunub.

Qeyd edilib ki, layihənin ümumi məqsədi Avropa universitetləri ilə mübadilə təşkil edərək Azərbaycanda doktorantura təhsilinin yenidən qurulması, uyğunlaşdırılması və inkişaf etdirilməsinə uyğun olaraq PhD-nin mükəmməlliyinin artırılması, ali təhsil müəssisələrinin beynəlmiləlləşməsinin inkişaf etdirilməsi, Azərbaycanı yüksək keyfiyyətli doktorantura təhsili ilə təmin etmək (tədqiqat, innovasiya və təhsil əlaqələri vasitəsilə), ali təhsil müəssisələri arasında əməkdaşlığı möhkəmləndirmək və Azərbaycan doktorantura təhsilini Avropada təşviq etməkdən ibarətdir.

AMEA Gəncə Bölməsinin akademik katibi, akademik Fuad Əliyev, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, dosent Mahir Hacıyev, Aqromexanika Elmi-Tədqiqat İnstitutunun direktoru, dosent Kamil Fətəliyev çıxışlarında Azərbaycanda doktorantura təhsili sistemində aparılan məqsədyönlü islahatlardan danışıblar. Bu sahədə müasir dövrün çağırışlarından irəli gələn vəzifələri diqqətə çatdıran çıxışçılar görülmüş işlərin yüksəkixtisaslı gənc kadrların hazırlanmasına yönəldiyini bildiriblər. Sözügedən layihənin Azərbaycan doktorantura təhsil sisteminə töhfə verəcəyini söyləyən natiqlər Avropanın aparıcı universitetlərinin bu layihədə iştirakının birgə təcrübə mübadiləsi aparmaq üçün geniş imkanlar yaratdığını qeyd ediblər.

Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.

Monpelye Universitetinin əlaqələndiricisi olduğu layihədə Azərbaycan tərəfdən Təhsil Nazirliyi, AMEA, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texniki, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Dillər, Azərbaycan Dövlət İqtisad, Bakı Dövlət, Naxçıvan Dövlət, Bakı Mühəndislik və Xəzər universitetləri, avropalı tərəfdaşlardan isə Fransanın Monpelye, İsveçin Uppsala, Almaniyanın Heydelberq, Çexiyanın Mazarıkova və İspaniyanın Barselona universitetləri iştirak ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.