ELM VƏ TƏHSİL


Avropa İttifaqının beynəlxalq tədbirində Azərbaycanın təhsil təcrübəsindən danışılıb

Bakı, 2 aprel, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) əməkdaşı Avropa İttifaqının təşkilatçılığı ilə keçirilən beynəlxalq onlayn tədbirdə iştirak edib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, paneldə Avropa İttifaqının qeyri-formal və informal təhsilin tanınması üzrə istifadəyə verilmiş alətlər barədə müzakirə aparılır. Tədbir iştirakçıları kvalifikasiyaları tanınan ərizəçilərin bacarıq və səriştələrini özündə əks etdirən “Youthpass” adlı onlayn resursu təqdim edərək, onun qonşu ölkələrdə tətbiqi imkanları barədə fikir mübadiləsi aparıblar.

Onlayn panel müzakirəsində TKTA-nın departament direktoru Nicat Əsədli Azərbaycanda peşə təhsili üzrə qeyri-formal və informal təhsilin tanınması sahəsində görülən işlər barədə geniş məlumat verib. Cari ilin sonunadək 5 ixtisas üzrə sertifikasiya prosesinin aparılacağı, 100 sertifikatın təqdim ediləcəyi və müraciətləri onlayn şəkildə qəbul edən elektron sistemin yaradılacağı bildirilib. Yuxarıda qeyd olunan digər alətlərin də gələcəkdə Azərbaycanda tətbiqinin mümkün olacağı diqqətə çatdırılıb.

Agentliyin təmsilçisi qeyri-formal və informal təhsilin tanınması prosesini tətbiq etməyi planlaşdıran ölkələrə öz tövsiyələrini də verib. Prosesin səmərəli icrası üçün digər ölkələrdə uğurla tətbiq edilmiş modellərin öyrənilməsi, ən uğurlu təcrübələrin seçilməsi, tətbiq olunacaq ölkənin formatına uyğunlaşdırılması və ilkin olaraq pilot formatda test edilməsinin əhəmiyyətli olduğu vurğulanıb.

Qeyd edək ki, Azərbaycanda da qeyri-formal və informal üsullarla əldə edilmiş təhsilin tanınması prosesi əldə olunan nəticələr əsasında daim təkmilləşdirilərək əmək bazarının, işəgötürənlərin və vətəndaşların tələbləri nəzərə alınmaqla təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.