İQTİSADİYYAT


Avropa İttifaqının dəstəyi ilə Azərbaycan su ehtiyatlarına dair informasiyaya daha rahat çıxış əldə edəcək

Bakı, 22 iyun, AZƏRTAC

İyunun 22-dən başlayaraq Azərbaycandan və Avropa Ətraf mühit Agentliyindən olan su ekspertəri “EkoPortal”ın idarə edilməsi üzrə onlayn potensialın formalaşdırılması təlimi keçirəcəklər.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, ətraf mühitə dair informasiyanın, o cümlədən su – planetimizdəki bütün həyat, ekosistemlər, cəmiyyət və iqtisadiyyat üçün vacib əhəmiyyəti olan resurs haqqında informasiyanın paylaşılması təlimin əsas diqqət mərkəzində dayanacaq. Bu potensialın formalaşdırılması təlimi Aİ-nin yaşıl inkişafı təşviq etmək və Şərq Tərəfdaşlığı məkanında rəqəmsallaşma üzrə məqsədlərinə uyğundur. Azərbaycan regionda su çatışmazlığından əziyyət çəkən ölkələrdən biri olduğu üçün sudan səmərəli istifadə olunması və şirin su ekosistemlərinin mühafizəsi olduqca vacibdir. Azərbaycanın “EkoPortalı” ölkədə biliklərə əsaslanan qərar qəbul edilməsi üçün əsas yaratmaq məqsədilə su ehtiyatlarının idarə olunmasına cavabdeh qurumlar arasında məlumat və informasiyanın paylaşılmasına dəstək verəcək.

Aİ-nin dəstəyi ilə Azərbaycanda su keyfiyyətinə dair məlumatlar Avropa Su İnformasiyası Sisteminin su keyfiyyəti məlumatları lüğətinin tələblərinə uyğunlaşdırılıb. Hazırda həmin məlumatlar Avropa məlumat topluları ilə uyğunluq təşkil edir. Eynilə də, su keyfiyyəti məlumatlarına əsasən işlənib hazırlanmış və “EkoPortal”da dərc edilmiş göstəricilər Avropa Ətraf mühit Agentliyinin indikator şablon formatını rəhbər tutur. Bu, Azərbaycanda su ehtiyatlarının vəziyyətini qonşu ölkələrlə, eləcə də Aİ-nin istənilən üzv dövləti ilə müqayisə etməyə imkan yaradacaq. Regional əsasda müqayisə oluna bilən göstəricilərə malik olmaq milli və regional səviyyədə biliklərə əsaslanan siyasi dialoqu dəstəkləyəcək.

İşlənib hazırlanmış göstəricilər toplusu, həmçinin geniş ictimaiyyətə gündəlik həyatlarında və həyat səviyyələri və rifahlarının əsasını təşkil edən iqtisadi fəaliyyətlərində etibar edəcəkləri su ehtiyatlarının mövcudluğu və onun keyfiyyəti barəsində informasiya əldə etməsinə şərait yaradacaq.

“EkoPortal” bütün göstəricilərin mövcud olduğu bir platformadır. Həmçinin bir çox digər məlumatlar sudan istifadə edənlər, tədqiqat ictimaiyyəti, regional və qlobal qiymətləndirmələr üzrə milli məlumatlardan ciddi dərəcədə asılı olan beynəlxalq təşkilatlar kimi daha geniş maraq qruplarının mənafeyinə xidmət edəcək.

Sistemin funksionallığı və “EkoPortal”ın dizaynı Avropa Su İnformasiyası Sistemindən ilhamlanaraq tərtib edilib. Avropa İttifaqının bütün üzv dövlətləri özlərinin su ilə əlaqədar məlumatları barədə bu sistemə hesabat verir və informasiyanı paylaşırlar. “EkoPortal” məlumat toplularını, göstəriciləri, dinamik xəritələr və hesabatlar təqdim edir. Bu portal Paylaşılan Ekoloji İnformasiya Sisteminin prinsiplərinə və təcrübələrinə uyğun şəkildə su üzrə milli qurumlar arasında məlumat və informasiya mübadiləsi və onun paylaşılmasına imkan verir. İndi vətəndaşlar, ekspertlər, sudan istifadə edənlər və elmi ictimaiyyət müxtəlif məlumat bazalarına çıxış əldə edə və Azərbaycanın su keyfiyyəti məlumatlarını Avropa İttifaqının üzv dövlətlərinin məlumatları ilə müqayisə edə bilər.

Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin Paylaşılan Ekoloji İnformasiya Sistemi II Şərq layihəsi Aİ tərəfindən maliyyələşdirilir. Layihə müxtəlif ekoloji domenlərdə Paylaşılan Ekoloji İnformasiya Sisteminin psinsiplərini və təcrübələrini həyata keçirir. Bu layihə 2010-2015-ci illərdə 6 Şərq Tərəfdaşlığı ölkəsində (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) həyata keçirilmiş öncəki əməkdaşlıq fəaliyyətlərinə əsaslanır. O, Avropa İttifaqının 6 Şərq Tərəfdaşlığı ölkəsi ilə münasibətləri dərinləşdirmək və ekoloji idarəetməni gücləndirməklə ətraf mühitin mühafizəsinin təşviqinə dəstək məqsədi daşıyır. Layihə biomüxtəliflik, su, torpaq, tullantılar, hava, kommunikasiya və ekoloji qiymətləndirmələr sahəsində potensialı formalaşdırır. Avropa Ətraf mühit Agentliyi Şərq Tərəfdaşlığı ölkələrində milli ekoloji və statistika qurumlarının institusional potensialının inkişaf etdirilməsi məqsədilə Avropa İttifaqının ən son və ən yaxşı təcrübə və metodologiyalarını təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.