SİYASƏT
Avropa İttifaqının nüfuzlu xəbər portalı Azərbaycan xalqının tolerantlıq ənənələrindən yazıb
Brüssel, 14 dekabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) məsələlərini işıqlandıran “The Parliament Magazine” xəbər portalında Avropa İttifaqı ilə Cənubi Qafqaz ölkələrinin münasibətlərindən bəhs edən məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, Avropa Parlamentinin üzvü, Avropa İttifaqı–Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Səccad Kərimin müəllifi olduğu yazıda ölkəmizlə Aİ arasındakı münasibətlərin son dövrdə inkişaf etdiyi diqqətə çatdırılıb. S.Kərim bildirib ki, Avropada antisemitizmin və islamafobiyanın artdığı bir dövrdə avropalılar xristianların, müsəlmanların, yəhudilərin və başqa dinlərin nümayəndələrinin mehribanlıq şəraitində birgə yaşadığı Azərbaycanın yüksək tolerantlıq xüsusiyyətlərindən faydalanmalıdırlar.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından təəssüfləndiyini ifadə edən müəllif Aİ-nin Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha vurğulayıb. O, Avropa İttifaqının bu münaqişənin sülh yolu ilə həll edilməsinə çalışdığını bildirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel