Avropa İttifaqının proqramı üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub
AzerTAg.az
Bakı, 10 may, AZƏRTAC
Avropa İttifaqının (Aİ) “Təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə şərq proqramının (PPRD East3) qrup rəhbəri Piter Qlerum AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları ilə görüşüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, proqramın 3-cü mərhələsinin əsas məqsədi Şərq Tərəfdaşlığı ölkələrində fəlakət risklərinin azaldılması və böhranların idarə edilməsi fəaliyyətinin gücləndirilməsi və Aİ-nın mülki müdafiə mexanizmi ilə regional əməkdaşlığın inkişaf etdirilməsidir. Proqram çərçivəsində tərəfdaş ölkələrin mülki müdafiə institutlarının fəlakət risklərinin qarşısının alınması, o cümlədən təbii və texnogen xarakterli fəlakətlərə hazırlıq və cavab tədbirləri sahəsində bacarıqların artırılması və qeyd olunan sahələrdə milli inklüziv yanaşmanı təşviq etməklə bütün müvafiq orqanları, vətəndaş cəmiyyəti, eləcə də elmi-tədqiqat institutları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi nəzərdə tutulur.
Tədbirdə tərəflər arasında əməkdaşlıq perspektivləri müzakirə edilib, fəlakət risklərinin qiymətləndirilməsi, risk xəritələri və erkən xəbərdarlıq sistemləri sahələrində birgə fəaliyyət imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbərin mətnində orfoqrafik səhv var